Əmək pensiyalarının minimum həddi 116 manatdan 160 manata qaldırılır.
Bu barədə oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli məlumat verib.
Onun sözlərinə görə, bu da təxminən 38 faiz artım deməkdir: "Bu artımdan 233 min pensiyaçımız yararlanacaq ki, onların doqquz mininin pensiyası, ümumiyyətlə, iki dəfə artmış olacaq.
Eyni zamanda, bu 233 minin içində əlilliyə görə pensiya alanlarımızın sayı daha çox üstünlük təşkil edəcək. Bu artım üçün dövlət büdcəsindən 41 milyon manatın ayrılması nəzərdə tutulur və bu artım bütövlükdə martın 1-dən qüvvəyə minəcək. Gələn il isə bu artımın məbləği 49 milyon manat təşkil edəcək.
Qeyd edim ki, bununla bağlı qanun layihəsi komitəmizin gündəliyinə daxil edilmişdi. Biz onu parlamentin fevralın 19-da keçiriləcək növbəti plenar iclasına tövsiyə etdik. İnşallah, ayın 19-da həmin məsələ müzakirələrdən sonra qəbul ediləcək və hüquqi qüvvəsinə minməsi üçün qanunvericilik təşəbbüsünün subyekti olan ölkə prezidenti cənab İlham Əliyevə göndəriləcək.
Bu, çox böyük və çox mütərəqqi addımdır. Bir neçə gün öncə ölkə başçısının fərmanı ilə ölkədə minimum əməkhaqqı birdən-birə 50 manat artırıldı, yəni minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı.
Bu artım həm də özəl sektora öz təsirini göstərəcək, burada çalışanların minimum əməkhaqqı 180 manat məbləğində olacaq. İndi isə növbəti addım olaraq, pensiyalar 116 manatdan 160 manata qaldırılır ki, bunun özü də çox böyük addım və hadisədir. Bu, Azərbaycan dövlətinin öz vətəndaşlarına olan münasibətinin daha bir bariz nümunəsidir”