Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
MilliYol.Az xəbər verir ki, fərmana əsasən, ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 (iki yüz on) manat müəyyən edilib. Bu Fərman martın 1-dən qüvvəyə minir.
Xatırladaq ki, əvvəl Prezident təqaüdü 185 manat olub.
Prezident “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” da Sərəncam imzalayıb.
Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilib:
1.1. Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat
1.2. ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
adlı təqaüd alan tələbələrə – 170 manat
magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat
bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat
1.3. orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat
1.4. Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.
Sərəncamda bildirilir ki, təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Bu Sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.
Prezident ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə də sərəncam imzalayıb.
Sərəncam ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədilə imzalanıb.
Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırılsın və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılacaq.
Nazirlər Kabinetinə tapşırılıb ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirləri həyata keçirsin.
Nazirlər Kabineti eyni zamanda Azərbaycan Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.