Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib.
MilliYol.Az xəbər verir ki, bu barədə Trend məlumat yayıb.
Hazırda Bakıda xəstəxanaya yerləşdirilən N.Musayevanın əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq.
Eyni zamanda, N.Musayevanın müalicəsi başa çatdıqdan sonra sosial təminatının həll olunması üzrə də müvafiq tapşırıq verilib.
Belə ki, N.Musayevanın əlilliyinin qiymətləndirilməsi aparılacaq, əlillik qrupu təyin olunduqdan sonra ona əlilliyə görə aylıq pensiya və ya sosial müavinət ödənişinə başlanılacaq, öz istəyinə uyğun olaraq məşğulluğunun təminatı üçün də müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, Bərdə rayonunda süpürgəçi işləyən Nazilə Musayevanın azyaşlı oğlu ilə küçədə yatdığı bildirilirdi.
Ayda 123 AZN maaş alan kirayə pulunu vaxtlı-vaxtında ödəyə bilmədiyi üçün evdən çıxarılmışdı. N.Musayevanın səkkiz yaşlı oğlu maddi imkansızlıqdan təhsilini davam etdirə bilmir.