Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əsl insanlıq dramı, səhiyyə faciəsi yaşanır
Azərbaycan səhiyyəsinin inkişafı, müasir standartlara cavab verməsi üçün son illər xeyli işlər görülüb. Tikilən müasir binalar, ən son avadanlıqlar, ayrılan milyonlar...Siyahını nə qədər desən uzatmaq olar.Amma sirr deyil ki, sanki hansısa gizli qüvvələr bu sistemin içərisində oturub görülən işlərə zərbə vurmaq, anarxiya, xaos yaratmaqla məşğuldur. Bu gizli missiya dövlət başçısının, Mehriban xanımın səhiyyə sistemində apardıqları islahatları gözdən salmaq üçün çaba sərf edirlər-həm də milyonlar qazanaraq, həm də insan taleləri üzərində...
Dövlət siyasətinə, ölkə səhiyyəsinə vandalcasına zərbə vuran, görülən işlərə kölgə salan bu qruplaşmanın izlərinə hər yerdə rastlamaq olar. Amma, bir ünvan var ki, illərdir metastaz kimi səhiyyə sistemini daxildən məhv edir. Həm də ən üst səviyyədə, həm də göz görə-görə...
Rubrika.az saytına Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında baş verən olaylar haqqında daxil olan məlumatlar insanda ilk baxışdan hansısa dramatik kriminal bir filmin ssenarisi təəssüratı yaradır. “Bu qədər də olmaz” dedirtən əməllər Azərbaycan səhiyyəsinin bilavasitə məhvinə yönəldilib desək yanılmarıq. Həm də Gəray Gəraybəylinin rektorluğu , Surxay Hadıyevin direktorluğu altında...
TCK-da hər şey pulun iradəsinə tabe edilib. Sağlamlıq burada ən son dəyər verilən meyardır. Xəstədən daha çox pul qopartmaq üçün tibbin “ən son üsullarından” istifadə edilir. Qiymətlər isə digər tibb müəssisələrindən dəfələrlə bahadır-baxmayaraq ki, keyfiyyət barədə bunu demək qətiyyən mümkün deyil. Adi bir misal göstərək ki, məsələn 20 yanvar metrosu yaxınlığında yerləşən bir klinikada stomotoloji rentgenin qiyməti 20 manatdırsa, TCK-da bu 50-60 manat təşkil edir. Eləcə də bütün digər səhiyyə xidmətləri bu qəbildən müqyisə olunmaz dərəcədə bahadır.
TCK-da qiymətlərin son vaxtlar 18-20 faiz artırılmasını ƏDV ilə əlaqələndirirlər. Maraqlıdır ki, məgər indiyə qədər Klinika üçün ƏDV tətbiq olunmayıbmı, yoxsa indi vergi ödəmək yadlarına düşüb? Yəqin ki, Vegilər nazirliyi Klinikada kiçik bir araşdırma aparsa hələ çox mətləblər üzə çıxacaq.
Klinikada pul yığma bir neçə mərhələdə aparılır. Belə ki, öncə müalicə üçün müəyyən olunmuş məbləğ alınır. Bununla canını qurtardığını zənn edən xəstə yaxınlarının fəlakəti daha sonra başlanır.Palatada xəstənin az qala aldığı nəfəsə görə də pul tələb edilir, tibb personalının istəkləri bitib tükənmir.
Məlumatda TCK-da baş verən daha dəhşətli bir olaydan bəhs edilir. Belə ki, öd kisəsində aparılacaq əməliyyat üçün xəstədən 15 min manatdan çox pul alınıb. Uğursuz əməliyyatdan sonra xəstə yaxınlarına onun tezliklə öləcəyini bildirərək klinikada saxlamağın mənasızlığını deyiblər. Heç bir rəsmi ərizə, hər hansı sənəd vermədən xəstəni “ölməsi” üçün evə buraxıblar və 15 gün əzab-əziyyətdən sonra xəstə vəfat edib. Bax beləcə Tədris Cərrahiyyə Klinikasında “15 min manata 15 günə ölüm” xidmətləri də təqdim edilir.
Göründüyü kimi Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əsl insanlıq dramı, səhiyyə faciəsi yaşanır. Dövlətə, onun siyasətinə zərbə vurmaq üçün bu qədər “zəhmət çəkmək” heç bir ölçüyə, əndazəyə sığışmır. Görəsən Klinika rəhbərliyinin marağı nədir ki, prezidentin, Mehriban xanımın səhiyyə sistemi üçün gördüyü miqyasa gəlməz işlərə kölgə salmaq üçün bu qədər əmək sərf edirlər?
Xatırladaq ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə inşa edilməyə başlanılmış və 2013-cü ildə Bakı şəhərində analoqu olmayan 14 mərtəbədən ibarət müasir standartlara cavab verən möhtəşəm bir tibb ocağı xəstələrin və müəllim-tələbə heyyətinin istifadəsinə verilmişdir.
Yuxarıda sadaladıqlarımızı reallaşdırmaq üçünmü??? (hurriyyet.org)
MilliYol.az