Gürcüstanda Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulması ilə bağlı azərbaycanlıların etirazları artmaqdadır
Fevralın 8-də Gürcüstan parlamentinin qarşısında erməni terrorçusunun büstünün götürülməsi tələbi ilə azərbaycanlı gənclər, tələbələr və iş adamlarının iştirakı ilə etiraz aksiyası keçirilib. Aksiyada gürcü gənclər, politoloqlar və Abxaziya müharibəsinin veteranları da iştirak ediblər.
Gürcüstanda yaranmış vəziyyət və bundan sonra atılacaq addımlarla bağlı “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a danışıb.
Zəlimxan Məmmədli bildirib ki, etiraz aksiyası bir qrupun yox, toplumun, hətta Azərbaycanın ortaq fikridir:
“Ciddi siyasi polemikalar üçün əsas verən, hətta strateji tərəfdaşlığı nəzərdən keçirməyi gərəkdirən bir proses baş verib. Azərbaycanın milli maraqları təhdid olunub. Bu baxımdan bölgədə yaşayan 10 milyonluq, bir qədər dərinə getsək, 50 milyonluq azərbaycanlıların mənafelərinə toxunulub. Mənə elə gəlir ki, aksiya iştirakçılarının qoyduğu tələblərdən alternativ variant yoxdur. O büst sökülməlidir, ona rəvac verənlər məsuliyyətə cəlb olunmalı, üzrxahlıq edilməlidir. Azərbaycan tərəfi üzrxahlığa qədər getməlidir. Bu məsələ sadəcə 5 nəfərin xətrinə dəyən məsələ deyil. Bu məsələ Azərbaycan dövlətini ciddi şəkildə təhdid edən bir məsələdir. Baş verən hadisə Azərbaycanın strateji maraqlarına, Gürcüstan-Azərbaycan dostluğuna kölgə salır, düşmənə bəraət qazandırır, regionda təhlükəsizliyi təhdid altına alır”.
“Borçalı” Cəmiyyətinin mövqeyinə gəldikdə isə Zəlimxan Məmmədli bunları deyib:
“Bizim mövqeyimiz ifadə olunub və əksər qüvvələr də bizim mövqeyi dəstəkləyir. Bundan sonra işin ağırlığı orada yaşayan vətəndaşlarımızın üzərinə düşməlidir. Onlar vətəndaş hüquqlarından istifadə edərək ardıcıl olaraq aksiyalar keçirməlidirlər. Bakıda Gürcüstan səfiri ilə görüş və bundan əlavə səfirliyin binasının qarşısında piket keçirməyi düşünürük”.
Azərbaycanlıların atacağı növbəti addıma gəldikdə isə Zəlimxan Məmmədli vurğulayıb ki, azərbaycanlıların yaşadığı şəhərlərdə kütləvi aksiyalar keçirilə bilər:
“Aksiya iştirakçıları birinci mərhələni uğurla yekunlaşdırdılar. Tiflisin mərkəzində bu günə qədər 2 aksiya olub. Birinci aksiyanı Borçalı cəmiyyəti edib. İkinci aksiya isə bundan bir neçə gün öncə olub. Gələcəkdə Marniolidə də kütləvi aksiya ola bilər. Bunu aksiya təşkilatçıları özləri müəyyən edəcəklər”.
Gürcüstanın indiki hakimiyyətinin Azərbaycan türklərinin təmərküzləşməsi, Borçalı türklərinin bir arada olmasını istəmədiyini deyən, Zəlimxan Məmmədli qeyd edib ki, baş verən məsələ də rəsmi Tiflisin yeritdiyi siyasətin davamıdır.
MilliYol.az