Tbilisi meri Kaxa Kaladze bildirib ki, Gürcüstan höküməti xaricilər üçün daşınmaz əmlak almaq və investisiyalar yatırmaq yolu ilə ölkədə yaşamaq icazəsi alması qaydalarının sərtləşdirilməsini planlaşdırır
Hal-hazırda xarici vətəndaşlar Gürcüstanda $35,000 dəyərində əmlak aldıqları və ya ölkə iqtisadiyyatına 300,000 lari məbləğində ($109,400) yatırım etdikləri təqdirdə müvəqqəti yaşamaq icazəsi ala bilər. Bu icazə qeyri-müəyyən müddətə verilir. Hazırda bu qaydaların ləğv edilməsi planlaşdırılır. Gürcüstan parlamentində artıq paytaxtda daşınmaz əmlak alınması üçün limitin $100,000 dollar məbləğinə çatdırılması və müvəqqəti yaşamaq icazəsinin 1 illik müddətə verilməsini nəzərdə tutan dəyişikliklər qəbul edilib. Kaladzenin bildirdiyinə görə, investisiya yatırımlarının məbləği $300,000 dollara qaldırılıb və bunun müqabilində müvəqqəti yaşamaq icazəsi 5 il müddətinə veriləcək.
“Bizim qapılarımız maliyyə imkanlarından asılı olmayaraq, hər bir turist üçün açıqdır. Qonaq – Allahın qonağıdır. Lakin bütün inkişaf etmiş ölkələrdə bazarı tənzimləmək üçün bir sıra qaydalar var.”, deyə Tbilisi meri vurğulayıb.
2017-ci ilin nəticələrinə əsasən Gürcüstana ən çox turist axını olan altı ölkəyə Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya, Ukrayna və İran daxildir. Bu ölkələrin sakinləri öz vətənləri ilə müqayisədə mənzil qiymətlərinin daha ucuz olması səbəbilə Gürcüstanda daşınmaz əmlaka investisiya edirlər. (Amerikanın Səsi)
MilliYol.Az