Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib
Təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.
Məhkəmə baxışı noyabrın 12-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
Məlumata görə, T.Bağırova və müdir müavini A.Əliyeva “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onlardan işə qəbul edəcəklərinə dair söz verərək pul alıb. T.Bağırova və A.Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Bir neçə qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb. Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət edib. Cinayət işində 19 zərərçəkmiş var. Həbs edilən Aləmzar Əliyeva həbs edilmədən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində işləyib. (virtualaz.org)
MilliYol.Az