Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfəri çərçivəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Əsmər Hüseynovaya məxsus 4 hektar pay torpağında əkilmiş pambıq sahəsi ilə tanış olublar
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və fermer Əsmər Hüseynova təsərrüfatda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat veriblər.
Bildirildi ki, ötən il bu fermer təsərrüfatında 70 hektar sahədə pambıq əkilib və 253 ton məhsul götürülüb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pambıqçılarla görüşüb söhbət ediblər.
Diqqətə çatdırılıb ki, pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb. Hazırda bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib.
Pambıq yığımına 41 kombayn, 108 traktor, 200-dən artıq qoşqu cəlb edilib. Ağcabədili “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmaq, 25 min tondan artıq pambıq istehsal edərək strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında olmağı hədəfləyiblər.
Pambıqçılar ölkəmizdə kənd təsərrüfatının bu sahəsinin inkişafına göstərilən yüksək qayğıya görə minnətdarlığını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
MilliYol.Az