Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib ki, hökumət əcnəbi işçilərin sayının artırılması məqsədilə xüsusi tədbirlər paketi hazırlayacaq
Y.Suqa bu barədə bəyanatla işçi çatışmazlığını aradan qaldırmaq məqsədilə əcnəbilərə yeni yaşayış statusunun verilməsi barədə yeni qanun layihəsinin Yaponiya hökuməti tərəfindən bəyənilməsindən sonra çıxış edib.
Y.Suqanın bildirdiyinə görə, hökumətin tapşırığına əsasən Ədliyyə Nazirliyi ilin sonunadək hərtərəfli tədbirlərin hazırlanması işini yekunlaşdıracaq.
Tədbirlər paketinin detalları barədə məlumat verən baş katib bildirib ki, buraya inzibati orqanlarda vahid pəncərə sisteminin yaradılması, məktəblərdə yapon dili tədrisinin keyfiyyətinin yaxşılaşdırılması, əcnəbilər üçün daha münasib tibbi sığortanın tətbiqi, həmçinin əcnəbi işçilərə qarşı sərt rəftar edən işəgötürənlərə qarşı mübarizənin aparılması və s. daxil ediləcək.
Y.Suqa, həmçinin qeyd edib ki, hökumət yeni status almış əcnəbilərə yaponlarla bərabər əməkhaqqı verilməsinə də nəzarət edəcək.
Xatırladaq ki, Yaponiya hökuməti ölkədə çalışan əcnəbilərin sayını artırmaq məqsədilə noyabrın 2-də yeni qanun layihəsini bəyənib.(azərtac)
MilliYol.Az