Səhiyyə Nazirliyi (SN) bəzi şəkərli diabet xəstələrinin insulin dərman preparatı ilə təminatında yaranmış problemə aydınlıq gətirib
Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdirinin müavini Nabil Seyidov Trend-ə özəl açıqlamasında bildirib ki, son aylar ərzində SN tərəfindən aparılmış xüsusi tədbirlər nəticəsində insulin dərman preparatı ilə təminatda olan problemlər aradan qaldırılıb.
N.Seyidov qeyd edib ki, SN tərəfindən kifayət qədər insulin dərman preparatı əldə edilib.
Onun sözlərinə görə, dərmanlar xəstələrə tələb olunan dozalarda verilir və bundan sonra da eyni qaydada verilə bilər: “Dərman çatışmazlığının olması barədə xəstələrə verilən məlumat düzgün deyil. Əgər kimsə süni olaraq, dərman çatışmazlığı problemi yaradırsa, bu, yolverilməzdir. Dərmanlar xaricdən alındığı üçün tenderlərin keçirilməsi, onları gətirilməsi müəyyən qədər vaxt tələb edilir. Buna görə də ilin əvvəlində dərman təminatı ilə bağlı müəyyən çətinliklər olur. Amma ilin ortalarında və sonunda belə problemlər olmur. Hazırda da insulinlərlə təminat baxımından problem yoxdur”.
N.Seyidov əlavə edib ki, adətən, ilin əvvəlində dərman təminatı ilə bağlı yaranan problemi həll etmək üçün əvvəlki ilin dərman ehtiyatından istifadə edilir. SN-nin hesablamalarına görə, ölkədəki hazırkı insulun ehtiyatı hətta gələn ilin fevral ayına qədər xəstələrə çata bilər.
Səhiyyə rəsmisi bunu da qeyd edib ki, SN tərəfindən dərman çatışmazlığı səbəbini əsas gətirərək şəkərli diabet xəstələrinə dərmanların verilməməsi halları ilə bağlı araşdırma aparılacaq. Bunların səbəbləri öyrəniləcək və müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, Azərbaycanda 243 226 nəfər şəkərli diabet xəstəsi müalicə-profilaktika müəssisələrində qeydiyyatdadır. Yalnız 2017-ci ildə 24 881 nəfər ilk dəfə qoyulmuş diaqnozla şəkərli diabet xəstəsi kimi qeydiyyata alınıb. Ölkədəki şəkərli diabet xəstələrinin 30 010-u insulindən asılıdır. Azərbaycanda şəkərli diabet xəstələri insulinlə dövlət hesabına təmin edilirlər.
MilliYol.Az