Rusiya ilə Ermənistanın yeni rəhbərliyi arasında böyük qalmaqala səbəb olmuş Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsindən azad edilib
MilliYol.Az “AzPolitika”-ya istinadla xəbər verir ki, KTMT-nin rəsmi açıqlamasında Y.Xaçaturovla bağlı Ermənistan hökumətinin tələbinin nəzərə alındığı bildirilir.
Xatırladaq ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra barəsində cinayət işi açılan generallardan və yüksək vəzifəli şəxslərdən biri də Y.Xaçaturov idi. Lakin Ermənistanda, barəsində “Konstitusiya quruluşunu devirmək” ittihamı ilə iki aylıq həbs qətimkan tədbiri seçilmiş Y. Xaçaturov Moskvaya qayıdaraq, vəzifəsinin icrasını davam etdirmişdi.
Xaçaturova iyulun 26-da “1 mart 2008-ci il” cinayət işi üzrə ittiham irəli sürülmüş, lakin Rusiyanın təzyiqi nəticəsində həbs qətimkan tədbiri dəyişdirilərək, təxminən 10 min dollar məbləğində girovla azadlığa buraxılmışdı. Ancaq istintaq orqanının tələbilə Xaçaturov ifadə vermək üçün Yerevana qayıtmalı idi. Ona qarşı cinayət işi isə hələ də açıq qalır.
Görünür, Ermənistanın yeni rəhbərliyi generalın cəzalandırılmasında israrlıdır və bunun üçün öz nümayəndəsinin belə əhəmiyyətli postdan vaxtından əvvəl çağırılmasına belə razıdır.
KTMT-nin rəsmi bəyanatında bildirilir ki, baş katib vəzifəsini müvəqqəti olaraq Xaçaturovun müavini olmuş Valeri Semerikov həyata keçirəcək.
MilliYol.Az