Azərbaycanda əlamətlər günlərdə, xüsusən Yeni il və Novruz bayramlarında əfv sərəncamı imzalanır
Ölkə başçısı İlham Əliyev 2016-ci ilə kimi demək olar ki, hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə cinayət etmiş yüzlərlə şəxsin günahının bağışlanması, onların azadlığa çıxması üçün müvafiq sənəd imzalayıb.
Bəs bu il də əfv sərəncamı gözlənilirmi?
BakuPost-un əməkdaşı bu sualla Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevə müraciət edib. Ə. Nuriyev qeyd edib ki, may ayında böyük əfv olduğundan, yeni ildə əfv olacağını güman etmir: “Əvvəlki dövrlərin praktikasına baxsaq görərik ki, 2016-cı ilə qədər 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində prezident tərəfindən əfv sərəncamı imzalanıb. Ondan sonrakı illərdə ölkə başçısının əfv sərəncamını bir qayda olaraq Novruz Bayramı və daha sonrakı müddətlərdə imzaladığını müşahidə etmişik. Bu il də may ayında Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə bağlı may ayında əfv sərəncamı imzalandı. 634 nəfər cəzadan azad edildi.
Əfv sərəncamının bir neçə ay əvvəl imzalandığını nəzərə alaraq mən ilin sonunda yeni əfv sərəncamının olacağını güman etmirəm. Lakin əfv prezidentin konstitusion səlahiyyətidir. Ona görə konkret nəsə demək olmaz”.
Ə. Nuriyev qeyd edib ki, Əfv Komissiyasının katibliyi və prezidentin hüquq-mühafizə orqanları və təhlükəsizlik məsələləri üzrə əfv sektoru daimi fəaliyyət göstərir: “Daxil olan müraciətlərə baxılır, bunlarla bağlı müvafiq rəylər alınır. Məlumatlar toplanılır, arayışılar hazırlanır. Əfv Komissiyasının bu günlərdə iclası olmayıb. Amma komissiyanın işçi qurumları daim işləyir, müvafiq sənədlərin emalı həyata keçirilir. Arayışlar toplanır”.
MilliYol.Az