General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub
Müdafiə Nazirliyindən verilən məlumata görə, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi əsasən avtonom işləyən mərkəzi yerüstü stansiya, mobil və daşınan peyk rabitəsi vasitələri olaraq Azərkosmos ASC-nin peyki üzərindən fəaliyyət göstərir.
Bu peyk rabitə sistemi hücum və müdafiə əməliyyatlarında qoşunların mobil hərəkəti və çevik yerdəyişməsi zamanı komanda məntəqələri arasında səsli və mətn (DATA) məlumat mübadiləsinin təmin edilməsi üçün təyin edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Ordusunun rabitə vasitələrinin texniki xidmət və təmiri Mərkəzinin yeni istifadəyə verilmiş bölmələrinin açılışında da iştirak edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov mərkəzin ərazisində yerləşən rabitə vasitələrinin təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, eləcə də texniki, xidməti, inzibati otaqlar və saxlanclarda yaradılmış şəraitlə tanış olub.
Bildirilib ki, qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına mərkəzdə texniki xidmət göstərilir və onlar qısa müddətdə tam təmir olunaraq yenidən sıraya qaytarılır.
Avtomatlaşdırılmış idarəetmə sistemləri, radiostansiyalar və peyk avadanlıqlarının təmiri otaqlarında çalışan mütəxəssislərlə görüşən Müdafiə naziri rabitə vasitələrinin müasir ordunun idarəetmə sisteminin əsas elementlərindən biri olduğunu qeyd edib.
General-polkovnik Z.Həsənov müasir döyüşdə bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunması məsələsinin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində saxladığını bildirərək mərkəzin imkanlarının daha da genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
MilliYol.Az