Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
Azərbaycanın dövlət himni səslənib. Prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.
Prezident İlham Əliyevin nitqini təqdim edirik?:
-Hörmətli xanımlar və cənablar.
İyirmi beş il bundan əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etmişdir. Beləliklə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşurdu. 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda qurulmuşdur. Haqlı olaraq fəxr edirik ki, biz müsəlman aləmində birinci idik. Bu dəfə - 1991-ci ildə isə Azərbaycan öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında birincilər sırasında deyildi. Öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında Azərbaycan sayca 13-cü idi. Bu, tarixdir. Biz tarixi bilməliyik, yaddan çıxarmamalıyıq. Hesab edirəm ki, Azərbaycan o vaxt öz dövlət müstəqilliyini daha əvvəl elan edə bilərdi. Bu qədər gözləmək lazım deyildi. Xüsusilə onu da yaddan çıxarmamalıyıq ki, Sovet İttifaqının özəyini təşkil edən Rusiya öz dövlət müstəqilliyini avqust ayında, bizdən iki ay əvvəl elan etmişdi.
Onu da qeyd etməliyəm ki, hələ 1990-cı ildə ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən sonra o, birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra, artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “Sovet Sosialist” sözlərini oradan çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın. Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Digər tərəfdən bütün bu addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir.
Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik. Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi. 1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdir. Bu dövrü iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Dağlıq Qarabağdan qovulurdular. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük itki, böyük faciə idi.
O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. Bütün bu amillərdən, xüsusilə Şuşanın və Laçın rayonunun işğal altına düşməsindən istifadə edərək, - halbuki bu rayonların işğal altına düşməsində bilavasitə AXC-Müsavat qruplaşmasının rolu vardı, - bu qruplaşma hakimiyyəti qanunsuz olaraq zəbt etmişdi və birinci dövrün ikinci dəhşətli mərhələsi başlamışdı.
1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. O vaxt korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzirdi, insanları incidirdi. Baxmayaraq ki, Ermənistan ilə qanlı döyüşlər gedirdi AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhəri onlar tərəfindən bombalanmışdı, qardaş qanı axıdılmışdı və bunun nəticəsində biz daha da böyük itkilərlə üzləşdik.
Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır. 1993-cü il dönüş ili idi. İyun ayında Heydər Əliyev Ali Sovetin sədri seçilmişdir və vəziyyət yavaş-yavaş inkişafa doğru getməyə başlamışdır. İlk növbədə, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, ordu quruculuğunda ciddi addımlar atıldı, dövlətçiliyin əsasları qoyuldu, sabitlik təmin edildi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlanmışdır. Onu da qeyd etməliyəm ki, əslində, müasir Azərbaycanda siyasi sistemin formalaşmasında Yeni Azərbaycan Partiyasının xüsusi yeri vardır.
1992-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdır və siyasi mübarizə nümunəsini göstərmişdir. Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə aparılmış siyasi islahatlar demokratiyanın inkişafına, insan haqlarının qorunmasına hesablanmışdır. Azərbaycan o illərdə beynəlxalq təcriddən çıxa bilmişdir. Çünki ölkəmiz haqqında dünyada informasiya yox idi. Ermənistan erməni lobbisinin imkanlarından istifadə edərək bizə qarşı qarayaxma kampaniyası aparırdı. Bizim isə cavab vermək, reallığı dünya birliyinə çatdırmaq üçün imkanlarımız yox idi. Yəni, beynəlxalq təcridə, informasiya mühasirəsinə son qoyuldu.
Azərbaycanda iqtisadi islahatlara start verildi və bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı. Yəni, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılmışdır. Bu gün tarix göstərir ki, bu, yeganə düzgün yol idi.
Azərbaycan o vaxt çətin iqtisadi vəziyyətlə üzləşmişdi. Bizim sənayemiz demək olar ki, dağılmışdı, inflyasiya minlərlə faizlə ölçülürdü. Əlbəttə, belə vəziyyətdə xarici sərmayə olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməzdi. İqtisadiyyat inkişaf edə bilməsə, təbii ki, ölkə müstəqil həyat sürə bilməzdi. Ona görə 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin kontraktı” imzalanmışdır ki, artıq o vaxtdan 22 il ötür. Amma bu gün də “Əsrin kontraktı” ölkəmizin inkişafında, güclənməsində öz rolunu oynayır. Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini xarici investorlara təqdim etdi. Azərbaycana milyardlarla dollar həcmində investisiya qoyuldu və ölkəmiz inkişaf etməyə başladı. 1996-cı ildə “Şahdəniz” qaz yatağının işlənilməsi üzrə kontrakt imzalanmışdır. Bu gün həm Azərbaycanın, həm regionun və müəyyən dərəcədə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında “Şahdəniz” yatağının xüsusi yeri var.
Azərbaycan 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşayırdı. Bu, müstəqilliyimizin ikinci dövrü idi. Bir daha qayıdıram müstəqilliyimizin ilk illərinə. Əgər o vaxt Heydər Əliyev kimi dahi şəxsiyyət - millətə canı, qanı ilə bağlı olan insan hakimiyyətdə olsaydı, biz o bəlalarla üzləşməyəcəkdik. Ancaq tarix tarixdir. Biz tarixi dəyişdirə bilmərik. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, ölkəmizi irəliyə aparaq, gücləndirək və müsbət meyillər əsasında inkişafı təmin edək.
Bu baxımdan 2003-cü il, hesab edirəm ki, müstəqil tariximiz üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə ölkənin bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi: Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa ki, yenə Azərbaycan bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə öz səsini verdi. Onu da qeyd etməliyəm ki, 1993-cü ildə AXC-Müsavat qruplaşmasının iflasının əsas mənbəyi Azərbaycan xalqının iradəsi olmuşdur. Cəmi bir il xalq bunların yarıtmaz fəaliyyətinə dözə bilmişdir və Azərbaycan xalqı bu ləkəni tariximizdən yumaq üçün o hakimiyyətə son qoydu. O vaxtdan bu günə qədər o hakimiyyət tarixin zibilxanasındadır.
Qeyd etdiyim kimi, 2003-cü il seçim ili idi. Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, yenə də Azərbaycan xalqı düzgün seçim etmişdir. 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti davam etdirilir. Bu, müstəqilliyimizin üçüncü dövrüdür. Bu üçüncü dövr ikinci dövrün məntiqi davamıdır.
Bu illər ərzində Azərbaycan bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdı. Bizim beynəlxalq əlaqələrimiz genişləndi. Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir. İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe daha çox beynəlxalq dəstək qazanır. Artıq dünya ictimaiyyəti bilir ki, reallıq nədən ibarətdir. Yəni, bizim torpaqlarımız işğal altındadır. BMT Təhlükəsizlik Şurasının, digər təşkilatların qətnamələri icra edilmir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həll edilməsi bizim prinsipial mövqeyimizdir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Beynəlxalq münasibətlər istiqamətində bizim hörmətimizi əks etdirən tarixi hadisə bir neçə il bundan əvvəl baş vermişdir. Biz BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Bu hadisə təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində. Bəzi qüvvələr bizə qarşı birləşmişdi və imkan vermək istəmirdilər ki, Azərbaycan seçilsin. Yəni, biz o yerə böyük çətinliklə sahib olduq. Bu, da daha bir göstəricidir. Yəni, dünya birliyi deyəndə biz bütün ölkələri nəzərdə tuturuq. Dünya birliyi bu gün bizi dəstəkləyir.
Biz 2003-cü ildən bu günə qədər iqtisadi sahədə analoqu olmayan inkişaf dövrünü keçmişik və yaşayırıq. İqtisadiyyat üç dəfə artmışdır. Heç bir başqa ölkədə bu qısa müddət ərzində iqtisadiyyat üç dəfə artmayıb. Sənaye istehsalı da üç dəfə artmışdır. Biz yoxsulluğa son qoyduq. Təxminən 50 faiz səviyyəsində olan yoxsulluq 5 faizə düşüb. İşsizlik ilə çox ciddi mübarizə aparılır. İşsizlik çox aşağı səviyyədədir. Azərbaycan regionlarının inkişafına start verildi. Dövlət proqramları icra edilməyə başlamışdır və bunun nəticəsində bölgələrdə 1 milyon 300 mindən çox iş yeri yaradılmışdır. Bölgələr canlandı, şəhərlərimiz abadlaşdı, müasir infrastruktur layihələri icra edildi. Biz elektrik enerjisini, qazı idxal edən ölkədən ixrac edən ölkəyə çevrildik. Azərbaycanda sosial məsələlərin həllinə çox böyük diqqət göstərilirdi və göstərilir. Maaşlar, pensiyalar son 13 il ərzində dəfələrlə artmışdır. Sosial infrastruktur layihələri icra edilir. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağı, bölgələrdə 40-dan çox İdman Olimpiya Mərkəzi tikilmişdir. Bütün bunlar son illər ərzində əldə edilmiş nailiyyətlərdir.
Biz texnoloji inkişafa doğru gedirik. Bu gün Azərbaycan kosmik klubun məhdud sayda üzvlərindən biridir. İki peykimiz var, üçüncü peyk də yaxın zamanlarda istifadəyə veriləcək.
Regional əməkdaşlıq məsələlərinin həllində Azərbaycan çox önəmli bir ölkəyə çevrilibdir. Bizim təşəbbüsümüzlə icra edilən böyük enerji layihələri son illər ərzində daha da geniş miqyasa çıxıb. Artıq bu, qitələrarası enerji layihələridir. Xüsusilə “Cənub” qaz dəhlizini qeyd etməliyəm.
Onu da qeyd etməliyəm ki, bu dəhliz 2006-cı ildə və 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əsasında yaradılır. Əgər o kəmərlər yaradılmasaydı, “Cənub” qaz dəhlizi də yaradılmazdı. Bu gün dünyanın ən böyük enerji layihələrindən biri olan “Cənub” qaz dəhlizi uğurla icra edilir. Biz “Şahdəniz-2” layihəsinin icrasında artıq son mərhələyə yaxınlaşırıq. Layihənin icrası artıq 83 faiz təşkil edir. TANAP layihəsinin icrası təqribən 40 faizə yaxındır. Biz bu nəhəng enerji, iqtisadi layihəni uğurla icra edirik. Bu, bizə gələcəkdə çox böyük əlavə iqtisadi dividendlər gətirəcək. Biz zəngin qaz ehtiyatlarımızı etibarlı yollarla dünyanın ən böyük, bizim üçün ən yaxın bazarlarından biri olan Avropa bazarına çıxarırıq. Bizim enerji siyasətimiz dünya tərəfindən yüksək qiymətləndirilir. Biz beynəlxalq əməkdaşlıq formatını yaratmışıq və bu formatı genişləndiririk.
“Cənub” qaz dəhlizi tarixi layihədir. Bu, bizim uğurlu gələcək inkişafımızı müəyyən edəcək. Bununla bərabər, biz iqtisadiyyatımızın digər sektorlarının inkişafı ilə bağlı çox ciddi addımlar atırıq. Xüsusilə son müddət ərzində Azərbaycanda sənayenin, kənd təsərrüfatının inkişafı artır. Baxmayaraq ki, dünyanın iqtisadi böhranı davam edir, biz bu istiqamətdə də çox ciddi addımlar atmışıq. Əminəm ki, yaxın illərdə qeyri-neft sektorunun inkişafı daha da sürətlə gedəcək. Bu gün iqtisadiyyatımızın təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Biz indi ixracın şaxələndirilməsi ilə ciddi məşğuluq. Elə etməliyik ki, neftdən, qazdan asılılıq minimum səviyyəyə endirilsin.
Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır. Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır. Bu istiqamətdə də institusional tədbirlərin görülməsi öz gözəl nəticəsini verməkdədir. Biz artıq dünyaya intellektual məhsul təqdim edirik, hətta ixrac edirik. “ASAN xidmət” bizim məhsulumuzdur. Artıq bu xidmətə 12 milyon müraciət olmuşdur, 4 milyona yaxın insan bu imkanlardan istifadə edir və indi başqa ölkələrdə bu təcrübə öyrənilir. Biz gələcəkdə də dünya bazarlarına şaxələndirilmiş ixrac imkanlarımızı təqdim etməliyik. O cümlədən intellektual məhsulun ixracı xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan bu gün dünyada çox etibarlı tərəfdaş kimi tanınır. Çünki bizim iştirak etdiyimiz bütün layihələr əməkdaşlığa hesablanıb. Biz hesab edirik və həyat göstərir, düz hesab edirik ki, ölkələr arasındakı əməkdaşlıq bəzi problemləri aradan götürə bilər. Enerji siyasətimiz xoşniyyətlidir. Bundan heç vaxt hansısa başqa məqsəd üçün istifadə etməmişik. Bütün digər regional təşəbbüslər də əməkdaşlığa hesablanır, o cümlədən nəqliyyat sahəsində. Biz bu gün “Şərq-Qərb” dəhlizinin yaradılmasında fəal rol oynayırıq. Bakı-Tbilisi-Qars dəmir yolu yaxın aylarda istismara veriləcək. Beləliklə, biz özümüzü daha da gözəl imkanlarla təmin etmək üçün Avropanı Asiya ilə birləşdiririk. Çünki bu dəhliz bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Bu dəhlizdən keçən yüklərin həcmi on milyonlarla ton səviyyəsində olacaq. Bununla bərabər, biz “Şimal-Cənub” dəhlizini də yaradırıq. Yenə də təşəbbüs göstərmişik, yenə də regional əməkdaşlıq formatını təqdim etmişik və bu, artıq yaradılıb. Bu da bizə əlavə on milyonlarla ton yük daşımaq imkanları verəcək.
Bax, budur neft amilindən asılılığı azaltmaq, qeyri-neft sektorunun inkişafı. Coğrafi vəziyyətimizdən istifadə edərək biz bu layihələri ortaya qoyuruq və onları icra edirik.
Qonşularla münasibətlər ən yüksək səviyyədədir. Heç bir problemimiz yoxdur. Belə də olmalıdır. Əgər hər bir ölkə bizim kimi qonşularla münasibətləri qura bilsəydi, dünyada heç bir müharibə baş verməzdi. Müharibələrin əsas səbəbi ondan ibarətdir ki, qonşular bir-biri ilə yola getmir. Yenə də deyirəm, əgər 1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt Ermənistan-Azərbaycan müharibəsi başlamazdı. Biz heç vaxt buna imkan verməzdik. Ancaq bu gün biz bu problemi həll etməliyik. Bunun həm diplomatik yolları var, həm digər yolları. Biz ordu quruculuğu istiqamətində çox böyük addımlar atmışıq. Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bunu bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik. Sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin.
Azərbaycan son illər ərzində dünya miqyasında multikulturalizm mərkəzinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir. Biz nəinki ölkə daxilində bu məsələləri lazımi səviyyədə tənzimləyirik, eyni zamanda, bir çox ölkələr üçün yol göstəririk. Biz istəyirik ki, bu nümunədən istifadə etsinlər. Əgər etsələr yenə də gərginlik azalar. Çünki bir çox hallarda müharibələr dini və məzhəb zəminində aparılır. İndi yan-yörə, hər tərəf alovlanır, yanır. Azərbaycanda sabitlik hökm sürür, inkişaf dinamikası güclənir. Bizim ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər. Onlar hamısı bizim qardaşlarımızdır, dəyərli vətəndaşlarımızdır. Bu da bir nümunədir. Bu, böyük bir sərvətdir. Biz bu sərvəti qoruyuruq. Ümumiyyətlə, ölkəmizi bütün bəlalardan qoruyuruq. Heç kimin işinə qarışmırıq və qoymuruq ki, kimsə bizim işimizə qarışsın. Ancaq xoş niyyət göstəririk. Ancaq hər bir məsələ ilə, xüsusilə bizi maraqlandıran məsələ ilə bağlı prinsipial mövqeyimiz həmişə ifadə olunur. Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı keç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir. Bu yaxınlarda - ötən ay keçirilmiş referendumda Azərbaycan xalqı bizim siyasətimizə öz dəstəyini bir daha ifadə etdi. Referendumun nəticələrinin əsas mahiyyəti bundan ibarətdir. Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur. Ötən 25 ilin 23 ili şanlı tarix illəridir. Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır.
İyirmi beş il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Bizim gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bunun əyani sübutudur.
Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir. Müstəqilliyimizin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram.
Yaşasın müstəqil Azərbaycan Respublikası!
MilliYol.Az
Digər xəbərlər
loading...