Azərbaycanda qurbağa əti istehsal edən ferma fəaliyyətə başlayıb.
Bu barədə azvision.az-a Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.
Komitə rəsmisi qeyd edib ki, sahibkar tərəfindən qurbağa ətinin ixrac edilməsi üçün onlara müraciət edilib: “Sahibkar qurbağa ətini Fransaya aparmaq istəyirdi, bunun üçün sənəd lazım idi. Onun sənədlərini hazırladıq, mövcud sənədləşdirmədə problemlərini həll etdik. Dünya standartlarını araşdırdıq və ona lazımı sənədi verdik. Nəticədə sahibkar tərəfindən 2 ton məhsul xaricə göndərilib”.
Fazil Talıblının sözlərinə görə, qurbağa ferması Salyan rayonunun Şorsulu kəndində yerləşir: “Burada bataqlıqda olan qurbağa ətləri yığılmır. Xüsusi bəslənmiş və qida üçün nəzərdə tutulmuş məhsullar yetişdirilir və bu məhsullar müasir standartlara cavab verir”.
Şirkətin rəhbəri Rauf Hüseynzadə açıqlamasında niyə məhz qurbağa biznesinə başlamasının səbəbini izah edib: “Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-red) bitirmişəm. Daha sonra Fransanın Nantes şəhərində eyni adlı universitetin MBA üzrə magistraturasında təhsil almışam. 8 ildən çoxdur ki, Fransada yaşayıram. Orada günlərin bir günü restoranda yemək yeyəndə qurbağa əti mənə maraqlı gəldi. Öyrəndim ki, Fransada qurbağa əti zənginlərin süfrəsində yer alır. Bundan sonra bu sistemi Azərbaycanda qurmaq qərarına gəldim”.
Rauf Hüseynzadə qurbağa ferması yaratmaq üçün Braziliyadan Azərbaycana xüsusi növ yumurtalar gətirdiyini deyib: “Bu işə başlamazdan öncə kurslara gedib, qurbağa haqqında çoxlu məlumatlar əldə etdim. Bu ideyanı Azərbaycanda həyata keçirmək üçün şirkət açmışam. Hazırda dünyanın 3 ölkəsinə Fransa, İspaniya və Çinə qurbağa əti ixrac edirəm. Qurbağanın dərisindən kosmetik vasitələrdə istifadə edilir. Əti isə delekates kimi yeyilir”.
Şirkət rəhbəri qeyd edib ki, yaxın günlərdə Fransa və İspaniyaya 10 ton qurbağa əti göndəriləcək. Onun sözlərinə görə, xüsusi növ qurbağa ətinə təlabat çoxdur.
Qeyd edək ki, Salyanda qurbağa ferması “Azərifrog” MMC tərəfindən yaradılıb. Şirkət 2015-ci ildə yaradılıb, 2016-ci ilin yayından isə fəaliyyətə başlayıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...