Amerikalı müğənni, Azərbaycan musiqi sevərlərinə yaxşı tanış olan məşhur “Happy” hitinin müəllifi Farel Uilyams Donald Trampdan ona məxsus musiqi parçalarını mitinqlərində ifa etdirməməyə çağırıb
Böyük Britaniyanın “The Guardian” qəzetinin verdiyi məlumata əsasən Farellin yuxarıda adı çəkilən mahnısı Pittsburqdakı sinaqoqda törədilən qətliamdan sonra Trampın İndiana ştatında keçirdiyi təbliğat mitinqinin gedişində səsləndirilib.
“Farell sizə təbliğat məqsədilə öz musiqi əsərlərinin kütləvi şəkildə translyasiyası və yayılmasına icazə verməyib, verməyəcək də... Ağlı başında olmayan bir “millətçi”nin 11 nəfəri öldürdüyü bir gündə siz onun “Happy” (“Xoşbəxt”) adlı parçasını İndianada kütlə önündə fonoqrama ilə oxutdurmusunuz. Şənbə günü ölkəmizdə baş verən faciədə heç bir “xoşbəxtlik” ola bilməz. Sizə isə bu mahnını öz məqsədlərinizdən ötrü istifadə etmənizə izn verilməyib”, - pop-ulduzun nümayəndəsinin prezidentə göndərdiyi sərt məktubda deyilir.
“The Guardian” bununla bərabər Trampın həmin mitinqdə sinaqoqa edilən hücumu ağır dillə qınadığını da qeyd edib.
MilliYol.Az