“Biz İrana maksimum sərt təzyiqlər etmək istəsək də, eyni zamanda dostlarımız və tərəfdaşlarımıza ziyan vurmaq istəmirik”
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ağ evin İrana tətbiq edəcəyi yeni sanksiyaları şərh edərkən deyib.
“Biz bəzi dövlətlərin İrandan neft almağı davam etdirmələrini anlayışla qarşılayırıq. Biz onların İrandan neft tədarükünü dərhal sıfır səviyyəsinə endirə bilmərik”, – C.Bolton vurğulayıb.
Onun sözlərinə görə, ABŞ İrandan neft aldıqları üçün müttəfiqlərinə qısa müddətdə məhdudlaşdırıcı tədbirlər tətbiq etmək niyyətində deyil. C.Bolton bildirib ki, rəsmi Vaşinqtonun hədəfi İranın xaricə neft satmasını tamamilə dayandırmaqdır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu ilin mayında İrana qarşı iki mərhələli sanksiyanın tətbiq ediləcəyinin bildirmişdi. Ağ ev bu ilin avqustunda sanksiyaların birinci mərhələsini tətbiq etmişdi.
Rəsmi Vaşinqton noyabrın 4-də İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə başlayacaq. Bu sanksiya İranın energetika sahəsini əhatə edəcək.
MilliYol.Az