"Ermənistan uzun illərdir Avropadan və dünyanın digər ölkələrindən rəsmi şəxslərin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlərini təşkil edir"
Bunu Belçika və Avropa parlamentinin üzvü Jan Jak Flaonun Qarabağa qanunsuz səfəri haqda danışan millət vəkili Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, bu kimi qanunsuz səfərlərin arxasında Ermənistanın Azərbaycana qarşı çirkin niyyətləri durur:
“Əgər bir ölkənin rəsmi şəxsi, yaxud deputatı işğal ərazilərinə səfər edirsə, bunun arxasında xoş məram ola bilməz. Əvvəllər Qarabağa qanunsuz gələn şəxslər haqda düşünürdüm ki, onlar bu münaqişə haqda məlumatsızdır. Amma indi Qarabağla bağlı vəziyyət bütün dünyaya məlumdur. Buna görə düşünürəm ki, bu, ilk növbədə xristian təəssübkeşliyindən doğan addımdır. Onlar da Qarabağa bir xristian dövlətinin müdafiəçisi kimi gələ bilərlər.
Digər yandan, onlar erməni maliyyəsi ilə erməni ağuşundan öz ölkələrinin parlamentlərinə düşən adamlardır. Əgər sən bir ölkənin deputatısansa, o zaman dünyada gedən prosesləri bilmək sənin borcundur. Hesab edirəm ki, Dağlıq Qarabağ ətrafında prosesləri dünyada bilməyən adam yoxdur”.
Fəzail İbrahimli qeyd edib ki, Qarabağa qanunsuz səfər edən bu şəxslər ermənilərlə oturub-duran, erməni lobbisinin caynağına keçmiş adamlardır:
“Buna görə də, qarşılarına qoymuş missiyanı yerinə yetirirlər. Onlar bu addımla beynəlxalq hüquq normalarını pozurlar, ermənilərin rəğbətini qazandıqları halda, Azərbaycan kimi regionun güclü bir dövlətində arzuolunmaz şəxslərə çevrilirlər. Yəqin ki, Azərbaycanın aidiyyəti qurumları bu qanunsuz səfərlə bağlı lazım olan tədbirləri görəcəklər”.
Qeyd edək ki, belçikalı parlamentari Jan Jak Flao Azərbaycanın işğal altındakı bölgələrinə qanunsuz səfər edib. O, “səfər” çərçivəsində Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşüb. (teleqraf.com)
MilliYol.az