Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadzenin seçki qərargahı erməni əsilli deputat Enzel Mkoyanın toxunulmazlığının ləğv olunmasını tələb edir
Bu barədə “Güc birlikdədir” siyasi birliyinin nümayəndəsi Giorgi Vaşadze bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, ötən gün gecə saatlarında Axalkalaki şəhərində baş vermiş insidentə polis tərəfindən adekvat reaksiya verilməyib: “Axalkalakidəki ofisimizə “Gürcü Arzusu” Partiyasının üzvü Enzel Mkoyanın adamları soxularaq tərəfdaşlarımızı döyüblər. Həmin adamlar odlu silah və dəyənəklərlə olublar. Enzel Mkoyanın deputat toxunulmazlığı dayandırılmalı və o, mütəşəkkil cinayətkar qrupun başçısı kimi istintaqa cəlb olunmalıdır”.
G.Vaşadze deyib ki, birləşmiş müxalifət seçki öncəsi insidentlərin araşdırılması üçün alternativ istintaq qrupu yaradır.
Qeyd edək ki, ötən gün “Güc birlikdədir” müxalif siyasi birliyinin Axalkalakidəki ofisində baş vermiş insident zamanı təşkilatın 4 üzvü döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Müxalifətçilərin döyülməsinə onların müstəqil namizəd Salome Zurabişvilinin plakatlarını cırmalarının səbəb olduğu bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı xuliqanlıq maddəsi üzrə cinayət işi açıb.
MilliYol.Az