“Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Belçika parlamentinin deputatı Jan-Jak Flaun adının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsinə dair qərar qəbul olunacaq"
Bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
Onun sözlərinə görə, hazırda Jan-Jak Flaunun Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı araşdırmalar aparılır: “Belçika parlamentinin deputatının və onunla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənlərin adlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsinə dair qərar qəbul olunacaq”.
Qeyd edək ki, Belçika parlamentinin deputatı Jan-Jak Flaunun rəhbərliyi ilə bir qrup belçikalı deputat Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfər ediblər. Onlar Xankəndində separatçı rejimin rəhbərliyi ilə görüşüblər.
MilliYol.Az