Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...
Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, elm,idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.
Budəfəki təqdimatımız dünyaca məşhur azərbaycanlı, qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi, ABŞ-ın Kaliforniya ştatındakı Berkli Universitetinin fəxri professoru Lütfi Zadənin oğlu Normaz Zadə haqqındaddır.
O Lütfi Zadə ki, bu il 95 illik yubileyini qeyd etdi. Düz 95 il əvvəl Bakıda doğulan, 16 saylı məktəbin şagirdi olan, 9 yaşında ailəsi ilə birlikdə İrana köçən, sonralar Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsində təhsil alan və 1944-cü ildə həmişəlik Amerika Birləşmiş Ştatlarına gedən Lütfi Zadə (əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə)...
O, 1948-ci ildə Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt L.Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyyəsilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gedib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və bu günə qədər də Berkli Universitetinin professoru olaraq qalır.
Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran kəşfi isə elmdə inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.
Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açıb.
Hazırda Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto ve videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.
Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.
Bu gün qeyri-səlis məntiq nəzəriyyəsi Amerikanın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”, “Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.
Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif edib: “təəssüratlar nəzəriyyəsi”, “sistemlər nəzəriyyəsi”, “sözlə işləyən kompüter nəzəriyyəsi”, “optimal süzgəclər nəzəriyyəsi” və “soft kompyutinq”.
Dünya şöhrətli alimin dünyada məşhur olan qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi ABŞ-da kosmik proqramların həyata keçirilməsində, Yaponiyada foto-radio cihazların istehsalında, eləcə də super yeni, beşinci, altıncı nəsil kompüterlərin yaradılmasında mühüm rol oynayıb.
Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib.
Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib.
Hətta onun adına Kaliforniyanın Berkli şəhərində “İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu” yaradılıb.
Lütfi zadə yəhudi əsilli Fey xanımla ailə qurub. Fey xanım Lütfi Zadə ilə həyatlarının müxtəlif dönəmlərinə dair maraqlı xatirələrdən bəhs edən -"Qeyri-səlis məntiqin atası ilə mənim həyatım və səyahətlər" adlı kitabı yazıb və 1998-ci ildə çap etdirib. Bu kitabda Lütfi Zadənin mənəvi keyfiyyətlərindən, şəxsi həyatından geniş bəhs olunur. Oxucular burada zəmanəmizin ən böyük elm dühalarından olan “Lütfi Zadə kimdir?” sualına cavab ala bilirlər.
Lütfi Zadənin 2 övladı dünyaya gəlib: Stella Zadə və Norman Zadə.
Qızı Stella 2006-cı ildə 59 yaşında vəfat edib.
Dünyaca məşhur alimin oğlu Norman Zadə 1950-ci ildə doğulub, hazırda 66 yaşı var. O da atası kimi Amerikada kifayət qədər tanınır. ABŞ-da onu daha çox Norm Zada adı ilə tanıyırlar.
Norman informatika sahəsi üzrə riyaziyyatçı alimdir, eyni zamanda peşəkar poker oyunçusudur. Bundan başqa, o, həm də vəkil və media maqnatıdır.
Norman Zadə qeyd etdiyimiz kimi, pokerin dərin bilicisidir. O qədər dərin ki, hətta poker oyunu haqqında 1974-cü ildə kitab da yazıb - “Uduşlu poker sistemləri” (“Winning Poker Systems”).
Norman 1974-cü ildə poker üzrə yarışlarda qalib olub.
Norman Zadənin naşiri olduğu “Perfect 10" adlı erotik jurnal Amerikada çox populyardır.
“Perfect 10” jurnalı cərrahiyyə əməliyyatına məruz qalmayan fotomodellərin çılpaq fotolarını dərc etməklə məşhur olub. Öncə aylıq çıxan jurnal, sonradan hər rüb işıq üzü görüb. Çap versiyası 2007-ci ilin yayında işıq üzü görən “Perfect 10” hazırda yalnız elektron formatda – saytda dərc olunur. “Perfect 10” vaxtilə məşhur “Playboy” jurnalınən əsas rəqiblərindən biri olub.
Norman Zadə onun jurnalında yer alan fotoşəkillərdən istifadə etdiyi üçün bir dəfə Google-a qarşı məhkəmə iddiası qaldırıb və prosesi qazanıb.
Norman Zadə jurnal buraxmazdan öncə atasının işlədiyi yerdə - Kaliforniyanın Berkli Universitetində professor kimi çalışıb, eyni zamanda Stenford və Kolumbiya universitetlərində dərs deyib. Tətbiqi riyaziyyat üzrə ixtisaslaşan Norman Zadənin poker bilicisi kimi yazdığı “Uduşlu poker sistemləri” kitabı qumar oyunlarının həvəskarları üçün bələdçi rolunu oynayır.
Norman Zadə 2010-cu ildə Beverli Hilsdəki malikanəsini 16,5 milyon dollara satıb. “Qremmi” və “Emmi” mükafatlarının laureatı Coan Rivers onun sevgilisi olub.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...