Lragir.am (Ermənistan), 29.10.2018
ABŞ dövlət müşaviri Con Boltonun Cənubi Qafqaza səfəri haqda erməni politoloqu Suren Sərkisyanın şərhini Strateq.az-ın oxucularına təqdim edirik.
-Cənab Sərkisyan, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edib. Səfəri necə dəyərləndirirsiniz, bu, ABŞ-ın bölgəmizə qarşı fəallıq göstəridiyindən xəbər verirmi?
-Boltonun səfərinin gedişində çoxlu bəyanat verilib və mahiyyətcə bir neçə ay qabaq barəsində danışdıqlarımızı – ABŞ siyasətinin prioritetlərini təsdiqləyən tam bir sıra görüşlər baş tutub. ABŞ-ın bölgədə öz maraqları var və təəssüf ki, Ermənistan bunda prioritet rol oynamır. İmperativlər (qeyd-şərtsiz tələb-red.) Gürcüstan və Azərbaycandır. Bolton Gürcüstan və Azərbaycanı ABŞ-ın strateji maraqlarıyla, Ermənistanı isə ancaq prioritetlə bağlı ölkələr adlandırır. Deməliyəm ki, ABŞ tərəfindən bütün dövlətlərə prioritet kimi baxılır, çünki ABŞ bütün komponentləri və atributlarıyla superdövlətdir. Düşünürəm ki, üzərində düşünməyə nəyimizsə var.
-Silah satışı haqda Boltonun təklifi barədə çox danışılır. Ermənistan necə reaksiya verməlidir? Bu, Ermənistana silah tədarükünü şaxələndirməyə imkan verərmi və Rusiyada nə dərəcədə qısqanclıq doğura bilər?
-Trampın Konqreslə münasibətləri və erməni lobbisinin Konqresə təsiri nəzərə alınsa, əslində, ABŞ administrasiyasının Konqresə girmək və 907-ci düzəlişi dəyişməsi çətin olacaq. Həqiqətdə Azərbaycana silah satmaq üçün başqa variantlar tapmaq olar, amma ABŞ balansa əsaslanır, Konqres böyük nüfuza malikdir, erməni lobbisinin isə Konqresə təsiri var. Belə ki, 907-ci düzəlişi dəyişmək asan olmayacaq, onu dəyişməzlərsə, onda ABŞ nə Azərbaycana, nə də Ermənistana silah sata bilər. Deməliyəm ki, Amerika silahının əsas alıcısı Ermənistan deyil, məhz Azərbaycan ola bilər, çünki söhbət bahalı silahlardan gedir, Ermənistanın maliyyə imkanları isə Azərbaycanınkından geri qalır. Baxarıq, düşünürəm ki, Azərbaycana silah satışı proseduru son dərəcə mürəkkəbdir. Bundan savayı, onlar bir neçə ay qabaq ABŞ-dan helikopterlər əldə edərək dünyanı inandırıblar ki, bunlar mülki təyinatlı maşınlardır, amma onları sürətlə hərbiləşdirmək mümkündür. Və burada erməni lobbisinin də düşünəcəyi nəsə var.
-Fikir var ki, silah satışı haqda təklif aydın səmada göy gurultusuydu, çünki ABŞ münaqişə edən tərəflərə silah satmaqdan imtina prinsipinə tərəfdardır.
-Düşünürəm ki, bu, Azərbaycan lobbiçilərinin işinin nəticəsidir, çünki Bakı uzun illər ABŞ-ı silah satmağa inandırmağa səy edib, bunun üçün 907-ci düzəlişi dəyişmək gərəkdir. Azərbaycan Tramp administrasiyasını inandırmağa nail olub. Bu bizim məğlubiyyətimizdir ki, yüksəkməqamlı Amerika məmuru 907-cü düzəlişin ləğvindən danışır.
-Bəs Boltonun Gürcüstan və Azərbaycana səfərini necə dəyərləndirirsiniz? O, orda da önəmli bəyanatlar verib. Azərbaycana özəl diqqət ayrılıbmı?
-Mən hesab edirəm ki, Azərbaycan Bolton üçün yaxşı limana çevrilib, çünki Azərbaycan Əfqanıstanda ABŞ-a böyük dəstək verir, Vaşinqton bunu yüksək qiymətləndirir. Bu planda ciddi vəzifələrimiz var, çünki indi ABŞ superdövlətiylə formalaşan münasibətlərimiz ABŞ-da nüfuzlu icması olan Ermənistana yaraşmır. Əlbəttə, Gürcüstan və Azərbaycana səfərlər daha önəmliydi. O, orada müdafiə və xarici işlər nazirlərilə ayrı-ayrı görüşüb, Ermənistanda isə müdafiə, xarici işlər nazirləri və Milli təhlükəsizlik şurasının katibiylə birgə görüşüb. Bu da markerdir. ABŞ administrasiyası istisnasız olaraq ABŞ maraqlarını praqmatikcəsinə irəlilədir. Bolton da açıqca göstərdi ki, Gürcüstan və Azərbaycan prioritetdir, Ermənistan isə sonradır.
-Ermənistan prioritet olmaq üçün nə etməlidir?
-Ermənistanın ABŞ-la münasibətlərdə fəalyönlü siyasət aparmağı və təşəbbüs göstərməyi gərəkdir. Əks halda sınıq çanaq qarşısında görünəcəyik.
Tərcümə Strateq.az-ındır.
MilliYol.Az