“Postsovet məkanında mövcud olan bütün fırıldaqlardan istifadə olunub"
Gürcüstanda keçirilən prezident seçkisinin birinci turu gözlənildiyi kimi, qalibi müəyyən etmədi. Lakin bu seçkinin nəticələri , ondan əvvəl keçirilən rəy sorğuları ilə xeyli ziddiyyət təşkil etmiş oldu.
“AzPolitika” Gürcüstan mətbuatına istinadla xəbər verir ki, 11 partiyadan ibarət “Güc Birlikdədir” Blokunun lideri, Mixeil Saakaşvilinin əsas təmsilçisi sayılan Qriqol Vaşadze, seçkisonrası mətbuat konfransında hakimiyyəti ciddi seçki pozuntularında ittiham edib: “Hakimiyyət namizədinin nəticələrinin 20-25 faizi saxtalaşdırılıb – bu, səslərin satın alınması, sosial cəhətdən müdafiə olunmayan şəxslərin və pensiyaçıların, eləcə də dövlət qulluqçularının qorxudulması, hakimiyyətin inzibati resurslarından istifadə edilməsi və digər yollarla həyata keçirilib. Bununla bağlı postsovet məkanında mövcud olan bütün fırıldaqlardan istifadə olunub. Buna baxmayaraq, onlar bilirlər ki, qalib gələ bilmədilər…”
Bu seçkini “Ləyaqət seçimi” adlandıran Vaşadze, seçicilərə ona göstərdikləri dəstəyə görə təşəkkürünü bildirməklə yanaşı, arxayınlaşmağın yolverilməz olduğunu qeyd edərək, ikinci turda qalib gələcəyinə əminliyini gizlətməyib: “Hazırda heç bir eyforiya və şənlik olmamalıdır – qarşıda ikinci tur var ki, bu turda da biz qalib gələrək, Gürcüstanda hakimiyyətin dəyişdirilməsi prosesinin başlanğıcını qoymuş olacağıq.”
Q.Vaşadze həmçinin seçkidə 10 faizdən çox səs toplamış digər müxalif namizəd və Saakaşviliyə yaxın şəxslərdən olan David Bakradzeyə, eləcə də “Respublika Partiyasının” sədri Xatun Samnidzeyə təşəkkürünü bildirib. Belə ki, onlar artıq ikinci turda Vaşadzeni dəstəkləyəcəklərini bəyan ediblər.
Xatırladaq ki, oktyabrın 28-də keçirilən seçkidə seçicilərin 50 faizə yaxını iştirak edib. Onların da rəsmi rəqəmlərə görə, 38.63 faizi hakimiyyətin namizədi Salome Zurabişviliyə, 37.73 faizi isə Qriqol Vaşadzeyə səs verib. Exit-poll keçirən müstəqil qurumlar isə Q.Vaşadzenin Zurabişvilidən daha çox səs topladığını iddia edirlər.
MilliYol.Az