Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gəliblər
Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki “ASAN Həyat” kompleksinin açılışında iştirak ediblər.
Prezident kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına və birinci xanıma ətraflı məlumat verdilər. Bildirildi ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 15-ci mərkəzidir. Şəhərin Zərifə Əliyeva küçəsində yerləşən, öz möhtəşəmliyi ilə seçilən kompleksin tikintisinə 2017-ci ildə başlanılıb. İnşaat işləri bu ilin oktyabrında başa çatdırılıb.
Dövlətimizin başçısı Şəki “ASAN Həyat” kompleksini işə saldı.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış oldular.
Bildirildi ki, bu kompleks Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarında qeydiyyatda olan ümumilikdə 510 mindən çox vətəndaşa xidmət göstərəcək. Şəki “ASAN Həyat” kompleksində 11 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Arxiv İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 300-dən çox xidmət həyata keçiriləcək. Kompleksdə çalışacaq əməkdaşların sayı 190, könüllülərin sayı isə 50 nəfərdir. Şəki “ASAN Həyat” kompleksində “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. Kompleks vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.
Şəki “ASAN Həyat” kompleksində də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin layihəsi olan “ASAN Peşə” mərkəzi yaradılıb.
Dövlətimizin başçısı və birinci xanım “ASAN Peşə” mərkəzi ilə tanış oldular.
Layihə ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır. “ASAN Peşə” mərkəzi bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Mərkəzdə tədris tütünçülük, laboratoriya, bağçılıq, logistika-texnologiya, ipəkçilik və fındıq yetişdirilməsi istiqamətləri üzrə həyata keçiriləcək. Mərkəzdə “ABAD”ın sərgi salonu da fəaliyyət göstərəcək. Burada Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi də yaradılıb.
Kompleksdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə var. Həmçinin burada “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunacaq. Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki “ASAN kommunal” xidmətində bu günədək 800 mindən çox vətəndaş müraciəti qeydə alınıb.
Prezident İlham Əliyev mərkəzdə innovativ yeniliklərlə tanış oldu.
Bildirildi ki, “E-Gate” xidməti sərhəd buraxılış məntəqələrində ölkəyə gələn və ölkəni tərk edən şəxslərin sərhəd keçidinin sürətləndirilməsi və prosesin avtomatlaşdırılmasını təmin edir. Vətəndaş xüsusi qurğuya yaxınlaşaraq pasportun məlumatlarını “E-Gate” cihazında oxudur. Sonra qurğu vasitəsilə vətəndaşın şəkli çəkilir, biometrik göstəriciləri - üz tanıma və barmaq izi tanıma texnologiyası vasitəsilə eyniləşdirilir. Məlumatlarda hər hansı problem aşkar edilməzsə avadanlıq avtomatik olaraq şəxsin keçidinə imkan verir. Əks halda sərhəd məntəqəsinin əməkdaşına bu barədə bildiriş gedir və məsul əməkdaş dərhal yaxınlaşaraq problemlə tanış olur. Bu cihaz vasitəsilə bir nəfərin sərhəd nəzarətində yoxlanılma prosesi bir neçə saniyə ərzində yekunlaşır.
Digər bir yenilik isə Elektron etibarnamə sistemidir. Bu sistem vətəndaşlara məxsus daşınar və daşınmaz əmlaka, malik olduğu xidmətlərə dair hüquqların başqasına ötürülməsinə dair etibarnamələrin elektron mühitdə, elektron və mobil imza texnologiyalarından istifadə etməklə tamamilə avtomatlaşdırılmış platformada təqdim edildiyi bir sistemdir.
Dövlətimizin başçısına “ASAN Viza” sistemində yeniliklərin təqdimatı da oldu. Təqdimat “ASAN Viza” sisteminin hava limanlarında tətbiqi ilə bağlı məlumatı özündə əks etdirir. Eyni zamanda, “ASAN Viza” sığortası sistemi ilə bağlı məlumat mövcuddur ki, burada da Azərbaycana gəlmək üçün müraciət edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin vizadan imtina edilməsi halında ödədiyi rüsumun sığorta şirkəti tərəfindən kompensasiyasını nəzərdə tutur. Bu sistem, eyni zamanda, xarici ölkədə olarkən baş verə biləcək hər hansı maddi itki və vətəndaşın səhhətində yaranan problemin aradan qaldırılmasını və xərclərin sığorta şirkəti tərəfindən ödənilməsini təmin edəcək.
Yeni layihələrdən biri də “E-Qəza” sistemidir. Xüsusi avadanlıq və proqram təminatından ibarət olmaqla avtomobillərdə yerləşdirilən bu sistem qəza zamanı sürücü və qəzanın yeri barədə məlumatların avtomatlaşmış “E-Qəza” mərkəzinə ötürülməsi və lazımı təxirəsalınmaz xidmət əməkdaşlarının qəza yerinə göndərilməsini təmin edir. Sistem vasitəsilə sürücü ilə əks əlaqə yaratmaq və daha ətraflı məlumat əldə etmək imkanı da yaradılacaq.
“ASAN İnkişaf yolu” isə 2013-2018-ci illər ərzində “ASAN xidmət” mərkəzlərinin keçdiyi inkişaf yolu, həyata keçirilən layihələr və statistik nəticələri özündə ehtiva edir. Eyni zamanda, ASAN-nın beynəlxalq uğurları və qazandığı mükafatları da təqdimatda əhatə olunub.
Məlumat verildi ki, yeni “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlamamışdan öncə mərkəzdə çalışacaq əməkdaşlar müvafiq təlim kursundan keçirlər. Kurslarda onlara müasir idarəetmənin prinsipləri, “ASAN xidmət” dəyərləri, vətəndaş məmnunluğunun əsas şərtləri, nəzakətli və peşəkar xidmətin əsasları barədə məlumatlar verilir. İşləyən müddətdə isə onlar il ərzində bir neçə dəfə təlimlərə cəlb olunurlar. Bunun üçün “ASAN xidmət” mərkəzlərində əməkdaşların işdən ayrılmamaqla təlim və kurslara cəlb olunmaları üçün müvafiq təlim mərkəzləri yaradılır. Növbəti belə mərkəzlərdən biri də Şəki “ASAN xidmət” mərkəzində yaradılıb. Yetmişdən çox iştirakçı üçün nəzərdə tutulan bu mərkəz bütün lazımi təlim şəraiti və avadanlıqla təmin olunub.
Şəki “ASAN Həyat” kompleksində “CoWorking” mərkəzi də fəaliyyət göstərəcək. Mərkəz yeni başlayan bizneslərə -startaplara inkubasiya dövrü üçün nəzərdə tutulan ümumi iş yeridir. Bu modeldən frilanserlər və tək işləyənlər də istifadə edirlər. Ümumilikdə model dayanıqlıdır və iş yerlərini icarəyə verməklə dayanıqlılıq təmin edilir.
“ASAN Həyat” kompleksi üçün ayrılan 2,4 hektar ərazidə uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, yay kafesi və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı yaradılıb.
Qeyd olundu ki, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan etibarən təqribən 1 milyon 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki “ASAN Həyat” kompleksinin əməkdaşları ilə görüşdülər.
Sonda xatirə şəkli çəkdirildi.
* * *10:46
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şəkidə Bayraq Muzeyinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, muzey Bayraq Meydanında yerləşir. Meydanda hündürlüyü 72,4 metr olan bayraq dirəyinin postament hissəsi yenidən qurulub, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib, işıq dirəkləri quraşdırılıb, fəvvarələr əsaslı təmir edilib.
Qeyd olundu ki, Bayraq Muzeyinin inşasına 2018-cı ilin martında başlanılıb. Tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sərgi zalında ümumilikdə üç bölmə var. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur.
Muzeyin eskponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərinə adi konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.
Ölkəmizdə Bayraq muzeylərinin yaradılması Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən və hər bir vətəndaş üçün müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımıza olan hörmət və ehtiramın göstəricisidir. Belə muzeylərə aid layihələrin bütün bölgələri əhatə etməsi isə yeniyetmə və gənclərimizə yüksək vətənpərvərlik duyğuları aşılamaqla, onlarda dövlət bayrağımıza sevgini daha da artırır.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 29-da Şəki-Kiş avtomobil yolunun açılışında da iştirak ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına yolun texniki göstəriciləri barədə məlumat verdi.
Bildirildi ki, yolun uzunluğu 7,2 kilometrdir. Şəki-Kiş avtomobil yolu uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. On yeddi min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun yenidən qurulması Azərbaycan Prezidentinin Sərəncamına əsasən həyata keçirilib. Görülən işlər nəticəsində yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə uyğun olaraq 7 metr enində yol əsası və 2 metr enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 metrdir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları tikilib.
Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, Kiş çayı üzərində körpünün bərpası işləri də aparılıb. Yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, hərəkət hissəsinin eni 8 metrdir. Körpünün hər iki tərəfində eni 1,5 metr olan piyada səkiləri də yaradılıb. Dayaqsız biraşırımlı körpünün çay yatağından hündürlüyü 7 metrdir. Bu isə gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq. Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirilib. Layihə çərçivəsində çayda su axınının tənzimlənməsi və yaşayış məntəqələrini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.
Xatırladaq ki, 2016-cı ilin iyulunda yağan leysan nəticəsində sel suları həmin körpünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə cəlb edilən ağır texnika və canlı qüvvə hesabına qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunmuşdu. Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması və 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Prezident İlham Əliyev tərəfindən 2016-cı il avqustun 16-da müvafiq sərəncam imzalanmışdı.
Bildirildi ki, avtomobil yolunun inşası iki yaşayış məntəqəsi arasında yük və sərnişin daşınmasının yaxşılaşdırılmasına imkan verəcək, həmçinin yerli və xarici turistlərin Kiş kəndinə və “Marxal” istirahət mərkəzinə gediş-gəlişində mühüm rol oynayacaq.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
* * *10:30
Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərində inşa olunan Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Heydər Əliyev Mərkəzində görülən işlərlə tanışlıq zamanı məlumat verildi ki, burada Ümummilli Liderin yeni abidəsi ucaldılıb. Ulu Öndərə şəkililərin sonsuz məhəbbətinin təcəssümü olan Heydər Əliyev Mərkəzinin tikintisinə 2018-ci ilin martında başlanılıb. Yüksək səviyyədə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.
Ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinə dair tarixi sənədlərə də geniş yer verilib. Burada Ulu Öndərin uşaqlıq, gənclik və tələbəlik illərinə, həmçinin hakimiyyətdə olduğu dövrlərə aid müxtəlif fotolar maraqla qarşılanır. Bu fotolarda Heydər Əliyevin sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ölkəmizin inkişafına xüsusi diqqət göstərməsi dolğun əksini tapıb. Dahi şəxsiyyətin hakimiyyətdə olduğu illərdə bölgələrimizə, o cümlədən Şəkiyə səfərləri bunun bariz nümunəsidir. Ulu Öndərin ölkədəki müxtəlif obyektlərin açılışında iştirakı, ictimaiyyət nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşləri şəkililərin də xatirəsində dərin izlər buraxıb.
Sahəsi 3700 kvadratmetr olan Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün böyük akt zalı yaradılıb. Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Şəkidəki Heydər Əliyev Mərkəzində də bu məqsədlə müvafiq şərait yaradılıb. Mərkəzdə kompüterlər və digər müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərəcək. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan xarici dillərin tədrisi otağı, 20 və 60 yerlik iclas zalları, rəsm və foto studiyaları, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün də lazımi şərait yaradılıb.
Mərkəzdə, həmçinin Şəki şəhərinin 2017-ci ildən UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinin üzvü olmasına dair xüsusi guşə yaradılıb, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun maketi quraşdırılıb.
Dövlətimizin başçısına və birinci xanıma Şəki rayonunun Kiş kəndindəki Alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması layihəsi barədə də məlumat verildi.
* * *10:00
Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gəliblər.
AzərTAc bildirir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoyublar.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında dövlətimizin başçısına və birinci xanıma məlumat verib.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
MilliYol.Az