Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan baş nazir Nikol Paşinyanın ünvanına sərt tənqidlər səsləndirib
MilliYol.Az Musavat.com-a istinadən xəbər verir ki, keçmiş müdafiə naziri N.Paşinyanı Ermənistanı on illər boyunca izlədiyi xarici siyasi kursdan yayındırmaqda ittiham edib.
“Xarici siyasətə görə siz məsuliyyət daşıyırsınız. Lakin məhz siz bu istiqamətdə on illərlə yaradılan sistemi məhv edirsiniz. Əlbəttə xalqa yaxın olmaq istəyiniz təqdirəlayiqdir. Lakin sizin nazirləriniz, səfirlər və müşavirləriniz də həmin xalqın bir hissəsidir. Arada onların sözlərinə də qulaq asın”, - deyə Sərkisyan Paşinyanın bir çox məsələlərdə özbaşına qərar verdiyinə işarə vurub.
Keçmiş müdafiə nazirinin bu sözlərinə Ermənistan baş nazirinin müavini Ararat Mirzəyandan cavab gəlib.
O, Ermənistan Respublika Partiyasından bir çox deputatla fikir mübadiləsi apardıqlarını, lakin heç bir halda Vigen Sərkisyanla razılaşmadıqlarını söyləyib: “Bu gün əminliklə deyə bilərik ki, Ermənistan tərəfindən hazırda aparılan çoxvektorlu siyasət heç bir zaman olmayıb. Əgər on illər boyunca qurulan və bizim 6 ay öncə təhvil aldığımız sistem budursa, o zaman ölkədə bütün sahələrdə görünən acınacaqlı mənzərəni daha yaxşı başa düşmək olar”.
MilliYol.Az