Bir qədər əvvəl İstanbulda Suriya məsələsi ilə bağlı dördtərəfli zirvə görüşü başlayıb
“Anadolu” xəbər verir ki, Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron zirvə görüşündə iştirak etmək üçün İstanbula gəliblər.
Sammitdən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya, Rusiya və Fransa liderləri ilə ikitərəfli görüşlər keçirib.
İstanbul görüşündə Suriyada siyasi nizamlama prosesi, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək istiqamətində gələcək addımlar, qaçqınların geri qayıtması üçün şərait yaradılması və ölkənin sosial-iqtisadi infrastrukturunun bərpası barədə fikir mübadiləsi aparılması planlaşdırılır.
Zirvə görüşünün yekunlarına dair liderlərin mətbuat üçün bəyanatlarla çıxış edəcəkləri gözlənilir.
* * *
Oktyabrın 27-də İstanbulda Türkiyə, Almaniya, Rusiya və Fransa liderləri Rəcəb Tayyib Ərdoğan, Angela Merkel, Vladimir Putin və Emanuel Makron Suriya məsələsinə dair dördtərəfli danışıqlar aparacaqlar.
Yerli vaxtla saat 15.00-də başlayacaq zirvə görüşündən əvvəl iştirakçılar arasında bir sıra ikitərəfli görüşlər keçiriləcək.
Mətbuat üçün yekun bəyanatın başlanması isə saat 18:00-a təyin olunub.
Belə formatda Suriya məsələsinə dair ilk tədbir olan bu zirvə görüşü əvvəlcə sentyabr ayına təyin olunmuş, lakin iştirakçıların gərgin qrafiki üzündən təxirə salınmışdı.
Suriyaya dair dördtərəfli zirvə görüşü İstanbulun Vəhdəddin Sarayında keçiriləcək. Vaxtilə Osmanlı imperiyasının son sultanı Mehmed VI Vəhdəddinə məxsus olan bu saray 2014-cü ildə başa çatmış bərpa işlərindən sonra Türkiyə Prezidentinin İstanbulun Anadolu sahillərindəki iqamətgahı kimi istifadə olunur.