Xəbər verdiyimiz kimi, Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik təklif olunur
Təklif edilən dəyişikliklə üzvlərin sayı 7-dən 9-a artırılır.
Hazırki maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Dəyişiklik layihəsində qeyd olunub ki, İntizam komissiyasının iclası onun azı 4 deyil, 7 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Müvafiq rəy İntizam komissiyasının üzvlərinin 6 səs çoxluğu ilə verilir.
Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev Azvision.az-a bildirib ki, parlamentin üzvləri tez-tez xarici ölkələrdə tədbirlərdə iştirak edirlər. Bəzən İntizam Komissiyasının toplantısı planlaşdırılır və məlum olur ki, üzvlərin yarısı səfərdədir.
Sədrin sözlərinə görə, komissiya üzvlərinin sayının artırılması bununla bağlıdır.
Payız sessiyası başlayandan deputatların davamiyyətinə gəlincə, A.Abiyev bunun normal olduğunu bildirib. (azvision.az)
MilliYol.az