Şimali və Cənubi Koreyanın hərbi strukturlarının ali rütbəli hərbçilərinin sərhədyanı Phanmuncom məntəqəsində keçirdikləri görüşün yekununda bir sıra məsələlər barədə ikitərəfli razılıq əldə olunub
Azvision.az xəbər verir ki, danışıqların nəticəsi olaraq hər iki Koreya dövləti noyabrın sonunadək hərbçiləri və silahları tam çıxararaq demilitarizasiya zonasında yerləşən 11 nəzarət postunun ləğv edilməsi, həmçinin, mülki gəmilərin təhlükəsiz keçidi üçün Han çayının mənsəbindəki vəziyyətin tədqiqi məqsədilə ekpertlərdən ibarət birgə komandanın yaradılmasına dair razılığa gəliblər.
Görüşün yekununa dair Cənubi Koreya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir ki, əldə olunan razılaşmanın icrasını yoxlamaq üçün hər iki tərəf dekabrda birgə nəzarət həyata keçirəcək.
“Tərəflər 1 noyabrdan etibarən bir-birinə qarşı quruda, havada və suda istənilən növ düşmən hərəkətləri dayandıracaqları barədə daha öncə əldə olunan razılaşmaya sadiq qalacaqlarını təsdiq ediblər. Həmçinin, Han çayında mülki gəmilərin təhlükəsizliyinin təmini üzrə hazırlıq tədbiri kimi hər tərəfdən 10 nəfər olmaqla gəmiçilik sahəsində ekspertlər və hərbçilərdən ibarət birgə tədqiqat komandası yaradılacaq” – bəyanatda vurğulanıb.
Qeyd edək ki, 19 sentyabda Cənubi Koreya prezidenti Mun Çje İnlə Şimali Koeya Lideri Kim Çen In arasında Pxenyanda keçirilən növbəti sammitdə hər iki ölkənin müdafiə nazirləri razılaşma imzalayıblar. Sənədə demilitarizasiya zonasının qismən tərksilah edilməsi, həmçinin, sərhəddə birgə mühafizə zonasının yaradılması kimi məsələlər daxildir. Bu razılaşmanın reallaşması turistlərin səhər saat 09:00-dan axşam 17:00-dək Koreya yarımadasını ayıran hərbi-demarkasiya xəttindən sərbəst keçmələrinə imkan verəcək.
MilliYol.Az