Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) aparıcı dövləti olaraq bu quruma Azərbaycan kimi öz etibarlılığını təsdiq etmiş güclü tərəfdaş və dostun qoşulmasını tam dəstəkləyər
Trend-in məlumatına görə, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.
Deputatın sözlərinə görə, Azərbaycan regionda sabitliyə və hadisələrin dinc axarına getdikcə daha çox təsir edən bir dövlətdir.
D.Savelyev qeyd edib ki, digər tərəfdən KTMT-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə qoşulması və bu münaqişənin müzakirəsinin daha bir platformaya daşınması danışıqlar prosesinə müsbət təsir göstərərdi.
Duma üzvü əlavə edib ki, Bakının KTMT-yə qoşulmaq arzusunu bildirəcəyi təqdirdə Rusiya Azərbaycanın bu quruma daxil olmasını qətiyyətlə dəstəkləyəcək.
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.
MilliYol.Az