Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva aprel döyüşlərində başından qəlpə yaraları almış, hazırda ağır vəziyyətdə olan Qarabağ qazisi Qoşqar Hacıyevin müalicəsini nəzarətə götürüb
Bu barədə millət vəkili Qənirə Paşayeva bildirib.
Deputat Qoşqar Hacıyevin sağlıq durumu ilə bağlı məlumat almaq üçün Hərbi Hospitala getdiyini, orada qazinin ailəsinin onun yenidən Türkiyəyə göndərilməsini xahiş etdiklərini söyləyib:
“Bu məsələni birinci vitse-prezidentimiz Mehriban Əliyevanın köməkçisi, Heydər Əliyev Fondunun direktoru Anar müəllimə zəng edib çatdıranda onun dediyi söz bu oldu: “Hər zaman qazimizin yanındayıq”. Sonra zəng edərək bildirdi ki, ailəsi narahat olmasın, Mehriban xanım qazimizlə bağlı bütün lazımi dəstəyin göstərilməsini söyləyib və bu dəstək göstəriləcək.
Gülhanə ilə danışıqlara başlanıldı.
Cəmi bir neçə saat sonra qazimizin qardaşı İlqar bəy zəng edərək Qoşqar qardaşımızı Gülhanədə müalicə edən həkimlərin Bakıda EGE Hospitalda çalışdıqları barədə məlumat aldıqlarını və Qoşqar bəyin Türkiyəyə getməsini də məhz bu həkimlər üçün rica etdiklərini bildirdi. Həmin həkimlər Bakıda çalışdıqlarından Türkiyəyə ehtiyac olmadığını, EGE Hospitalda həmin həkimlərin nəzarətində müalicə ala biləcəyini dedi. Qoşqar qardaşımız artıq həmin xəstəxanaya köçürülüb. Bu barədə davamlı olaraq Qoşqar bəyin vəziyyəti ilə maraqlanan Anar bəyə məlumat verildi və o, Mehriban xanımın qazimizin müalicəsi ilə bağlı ciddi tapşırıqlar verdiyini, diqqətdə saxladığını və bütün dəstəklərin müalicə dövründə göstəriləcəyini bildirdi”, - deyə Q. Paşayeva qeyd edib.MilliYol.Az