Bu narazılıq hətta iri sənayə müəssisələri səviyyəsindədir
Süleyman Mikayılov hamisinin “vurulma” ehtimalından təşvişə düşüb və buna görə də artıq özü üçün “ehtiyat qapı” olaraq Ağalar Vəliyevi görür?..
Qaradağ rayonunda əhalinin narazılığı artır. Lakin icra başçısının fəaliyyətindən narazılıq təkcə əhali ilə kifayətlənmir. MilliYol-a daxil olan məlumata əsasən, Süleyman Mikayılovun fəaliyyətindən yerli sahibkarlar, o cümlədən bu rayonda yerləşən iri sənaye müəssisələrinin rəhbərləri də narazıdırlar. Hətta narazı sənayə rəhbərləri arasında böyük sement şirkətlərinin – Holcim və Norm şirkətlərinin də olduğu vurğulanır. Narazılığı yaradan əsas səbəblərdən biri Süleyman Mikayılovun onların problemlərinə yardımçı olmalarının əvəzinə, daha çox problem yaratması ilə əlaqədardır.
Qeyd edək ki, Qaradağ bir neçə ildir ki, Prezident Administrasiyasına ünvanlanan şikayətlərə görə lider rayonlar arasında yer alır. 2017-ci ildə də Qaradağ rayonunun adı ən çox şikayət gələn rayonlar sırasında hallanırdı. Bu fakt Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində də əksini tapmışdı. Mənbə bildirib ki, 2018-ci ildə şikayət tipli vətəndaş müraciətlərinin sayı nisbətən azalsa da bunu ciddi azalma faktı kimi qeydə almaq mümkün deyil. Üstəlik sahibkarların və iri sənəye müəssisələrin narazılıqları artmaqdadır və bu narazılıqlar daha qabarıq görünür.
Bundan başqa MilliYol-a daxil olan məlumatda Mədəniyyət Nazirliyinin və Turizm Agentliyin də Süleyman Mikayılovun fəaliyyətindən ciddi narazı qaldığı qeyd olunur. Söhbət Qobustan Milli Tarixi-Bədii Qoruğundan gedir. Qobustan Milli Tarixi-Bədii Qoruğuna göstərdiyi diqqətsizlik həm Mədəniyyət Nazirliyini və Turizm Agentliyini, həm də ölkə rəhbərliyini Mikayıl Süleymanovdan narazı salan səbəblərdən biridir. Dünyanın ən qədim insan məskənlərindən olan bu qoruqla bağlı hər şeyi Mədəniyyət Nazirliyindən və Heydər Əliyev Fondundan gözləyən Qaradağ İcra Hakimiyyətinin başçısı indiyə qədər qoruğun təbliği ilə bağlı hər hansı bir innovativ layihəyə imza atmayıb, sanballı bir təşəbbüslə çıxış etməyib. Qeyd edək ki, Qobustan qoruğu kimi unikal qədim insan məskənlərinin sayı dünya miqyasında çox azdır və ərazilərində belə mədəni abidələr olan ölkələr bu cür məkanlar hesabına həm dövlətlərini dünyaya tanıdır, həm də turistlər cəlb etməklə milyonlar qazanır. Süleyman Mikayılov üçün isə belə şeylərin önəmi yoxdur.
Amma buna baxmayaraq, Qaradağda fəaliyyət göstərən daş və kərpic karxanaları ilə mütamadi olaraq maraqlanır. Çünki Qaradağ karxanaları Süleyman Mikayılovun mütamadi gəlir mənbəyi hesab olunur. Belə ki, dəfələrlə mətbuatda da yazıldığı kimi Süleyman Mikayılovun daş karxanalarından hər ay “aylıq” yığıdığı iddia olunur. Bu barədə MilliYol-a danışan mənbə bildirib kii, Qaradağda çoxlu sayda qanunsuz karxana fəaliyyət göstərir. Bu karxanaların böyük qismi məhz Süleyman Mikayılovun “göz yumması” hesabına iri vergilərdən yayına bilirlər. Həmin karxanalar vergidən yayınmaqla yanaşı, eyni zamanda qanunsuz işçi də çalışdırırlar və Süleyman Mikayılov həm Vergi, həm də Əmək Məcəlləsinin hər gün Qaradağda pozulmasına şərait yaradır.
Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə isə Süleyman Mikayılov son zamanlar “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Ağalar Vəliyevlə çox yaxın münasibətlərdədir. Hətta ikilinin Qaradağda şərikli biznes qurduqları da söylənilr. Mənbə onu da qeyd edib ki, Süleyman Mikayılov “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədrini özü üçün ehtiyat “xilas kəməri” olaraq görür və buna görə də Ağalar Vəliyevlə münasibətlərini hər gün daha da genişləndirir. Qeyd edək ki, Ağalar Vəliyev bundan əvvəlki çağırışda Qaradağ rayonundan Milli Məclisə seçilmişdi. Hazırda isə Ağalar Vəliyevin Qaradağda karxanaları fəaliyyət göstərir.
Mənbə onu da vurğulayıb ki, Süleyman Mikayılov hamisinin “vurulma” ehtimalından təşvişə düşüb və buna görə də artıq özü üçün “ehtiyat qapı” olaraq Ağalar Vəliyevi görür...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.az