Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyini almadan Xaşogi cinayətini törədə bilməzdi
MilliYol.Az Virtualaz.org-a istinadən bildirir ki, bunu İran prezidenti Həsən Ruhani səudiyyəli jurnalist Camal Xaşoginin İstanbuldakı Baş konsulluqda öldürülməsinə münasibət bildirərkən deyib.
O, iddia edib ki, bu işdə ABŞ-ın əli var: "ABŞ-ın dəstəyi olmasaydı, Səudiyyə Xaşogini öldürə bilməzdi".
Xatırladaq ki, Camal Xaşogi Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə tanınırdı. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.
C.Xaşogi oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna getmiş və həmin vaxtdan itkin düşmüşdü. Bundan 18 gün sonra, oktyabrın 20-də Səudiyyə Ərəbistanının Baş Prokurorluğu konsulluqda yaranan mübahisənin jurnalistin ölümünə səbəb olduğunu bildirmişdi.
Ər-Riyadın açıqlaması bir çox dövlətlərin liderlərini qane etməyib və artıq Səudiyyə Ərəbistanına sanksiyalar tətbiq olunması barədə çağırışlar səslənməkdədir.
Onu da qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanında cinayət işi ilə bağlı 18 nəfər saxlanılıb.
Təhqiqat davam edir.
MilliYol.Az