Gürcüstanın Dövlət Audit Xidməti prezident seçkilərində televiziya reklamına ən çox pul xərcləyən namizədin adını açıqlayıb
Gürcüstanın Dövlət Audit Xidməti prezident seçkilərində televiziya reklamına ən çox pul xərcləyən namizədin adını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, xidmətin rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, seçki kampaniyası çərçivəsində yalnız televiziya reklamlarına ən çox vəsaiti müstəqil namizəd, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili xərcləyib. O, oktyabrın 3-dən 16-dək reklama 1 milyon 929 min 613 GEL xərcləyib. Bu vəsaitin 1 milyon 186 min 207 GEL-i televiziya reklamlarına sərf olunub. Əsas vəsait “İmedi” (615 min 662 GEL), “Rustavi2” (215 min GEL) və “Pirveli” (191 min GEL) televiziya kanallarına ayrılıb. Qalan vəsait isə bölgə televiziyalarına xərclənib.
Televiziya kanallarında reklama vəsait xərcləyən namizədlər sırasında ikinci yerdə “Vahid Milli Hərəkat” partiyasının namizədi dayanır. O, sentyabrın 12-dən oktyabrın 2-dək televiziya reklamına 200 min GEL xərcləyib.
Oktyabrın 28-də keçiriləcək prezident seçkilərində 23 namizəd mübarizə aparacaq.
MilliYol.Az