Azərbaycan istənilən infrastruktur layihəsini uğurla icra edə bilər və icra edir
Bunu Prezident İlham Əliyev İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı bildirib: "Bu gün açılışına toplaşdığımız layihənin icrası təkcə İmişli rayonu üçün deyil, eyni zamanda, qonşu rayonlar üçün də böyük əhəmiyyət daşıyır. Araz çayının yeni qolunun tikintisi böyük maliyyə vəsaiti tələb edən layihədir. Bu layihəyə birinci mərhələdə 80 milyon manat sərmayə qoyulubdur və Araz çayının yeni qolunun uzunluğu 54 kilometrdir. Yeni beton su kanalı 53 min hektar torpağı su ilə təmin edəcək. Biləsuvar, İmişli, Saatlı rayonlarının fermerləri, zəhmətkeşləri bu imkanlardan istifadə edəcəklər. Növbəti mərhələdə əlavə 10 min hektar torpağa suyun verilməsi nəzərdə tutulur və Sabirabad rayonunun torpaqları da suvarma suyu ilə təmin ediləcək. Bu layihənin icrası, ilk növbədə, bizim güclü iqtisadi imkanlarımızı göstərir. Çünki bu gün Azərbaycan istənilən infrastruktur layihəsini uğurla icra edə bilər və icra edir. Biz bu layihəni öz daxili maliyyə imkanlarımız hesabına icra etmişik. Digər tərəfdən, bu kanalın tikintisi bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Hər bir yerdə, hər bir rayonda, hər bir kənddə yaşayan vətəndaşlar işlə təmin olunsunlar, onların rifah halı yaxşılaşsın və dövlət bu istiqamətdə öz tədbirlərini görür".(azərtac)
MilliYol.Az