"Star" neft emalı zavodu enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə mühüm regional layihədir
Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev "TRT World" kanalına müsahibə verib.
H.Hacıyev bu gün Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı olacaq "Star" neft emalı zavodu barədə danışıb. O, bu layihənin əsasının Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulduğunu qeyd edib. Layihənin Azərbaycanın Türkiyə iqtisadiyyatına böyük etibarının, iki ölkə arasında qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsi olduğunu deyən H.Hacıyev Azərbaycanın Türkiyəyə 20 milyard ABŞ dolları həcmində sərmayə yatıracağını diqqətə çatdırıb.
Azərbaycanın və Türkiyənin enerji əməkdaşlığının Bakı-Tbilisi-Ceyhan layihəsi ilə başladığını qeyd edən H.Hacıyev Azərbaycanda neft-kimya sənayesinin inkişafı və Türkiyədə həyata keçirilən bu layihələrlə ölkəmizin karbohidrogen ixracında yalnız xam məhsul deyil, əlavə dəyər qatılan hazır məhsullarla Aralıq dənizi hövzəsinə çıxdığını vurğulayıb. O, Azərbaycanın Türkiyə və digər tərəfdaşlarla birgə icra etdiyi TANAP, TAP qaz layihəsinin Türkiyənin və Avropa ölkələrinin enerji təhlükəsizliyinə əsaslı dərəcədə töhfə verəcəyini diqqətə çatdırıb.
Prezident Administrasiyasının rəsmisi Azərbaycanın bu kimi iqtisadi layihələrlə regional əməkdaşlığın yeni nümunələrini yaratdığını, regional sülhə, çiçəklənməyə və sabitliyə töhfə verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın etibarlı və xoşniyyətli tərəfdaş olduğunu və bu qəbildən olan əməkdaşlığı dəstəklədiyini qeyd edib.(Trend)
MilliYol.Az