Eldar Yunusov ya işləməlidir, ya da getməlidir…
Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri hökümətin nüfuzuna zərbə vurur.
Azərbaycan prezidenti İlham Əliyev cənabları dəfələrlə çıxışlarında bildirib ki, məmur dövlət üçün, xalq üçün işləməlidir və onun birinci vəzifəsi xalqın, dövlətin qulluğunda durmaqdır. Ancaq təssüflər olsun ölkədə vəzifə tutan bir çox məmurlar var ki, onlar ilk öncə özlərinin şəxsi maraqlarını fikirləşirlər. Belə məmurlardan biridə Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusovdur.
Hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə və paytaxt Bakıdakı uşaq baxçaları daim prezidentimiz İlham Əliyevin və millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qayğısındadır. Məhz Heydər Əliyev Fondunun təşkilatçılğı ilə təkcə Bakı şəhərində onlarla uşaq baxçası, internat evləri yüksək səviyyədə təmir edilib, yenidən tikilərək istifadəyə verilmişdir. Ölkə başçımız İlham Əliyev paytxat baxçalarının təmiri, yenidən qurulması və uşaqlar üçün müasir standartlara uyğun şəraitlərin qurulması üçün dövlət büdcəsindən hər il rayon icra hakimiyyətlərinə vəsaitlərin ayrılması ilə bağlı sərəncamlar verir. Bütün bunlar onu göstəricisidir ki, prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaqların daim qayğısına qalırlar.
Ancaq Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusov prezidentimizdən fərqli olaraq uşaq baxçalarının fəaliyyətindən özünün şəxsi mal mülkünü artırmaq üçün çalışdığını deyə bilərik. Ölkə mediasında hər gün, hər həftə, hər ay paytaxt baxçalarındakı problemlərlə bağlı yazılar, şikayətlər dərc olunur. Paytaxt baxçalarının əksəriyyətində baş alıb gedən qanunsuzluqlar, rüşvət, özbaşınalıq, baxça müdirlərinin baxçanı şəxsi obyekti kimi istiadə etməsi ilə bağlı dəfələrlə müxtəlif məlumatlar dərc olunub. Nədənsə daim paytaxt baxçalarında baş verən qanunsuzluqların, rüşvət olaylarının arxasında Eldar Yunusovun adı hallanır.
Bu gün hər kəsə yaxşı məlumdur ki, Bakı şəhərində fəaliyyət göstərən xeyli sayda baxçalara uşaq qəbulu müşkül bir işə çevrilib. Baxça müdirləri uşaqların valideyinlərindən rüşvət almaqla bərabər həmdə xeyli sayda uşağa baxılması üçün əlavə “rüsum” belə istəyirlər. Paytaxt baxçalarına gedən uşaqların əksəriyyətinin özü ilə yemək içmək gətirməsi və dövlətin ayırdığı ərzaq mallarının demək olar 80 faizinin mənimsənilməsi isə adı hala çevrilib. Ölkəmizin gələcəyini yaxşı qurmaq, sabahın gəncini cəmiyyətin sağlam üzvünə çevirmək istəyiriksə mütləq şəkildə məktəbəqədər təhsili inkşaf etdirməliyik. Azərbaycanda məktəbəqədər təhsilin inkşafı üçün dövlət tərəfimizdən hər hansı bir problem yoxdur. Bunu yazımızın əvvəlində ölkə prezidneti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın uşaqlara olan qayğıları, uşaq baxçalarının inkşafı üçün etdikləri yüzlərlə işi misal göstərmək olar. Amma Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusov heçdə məktəbəqədər təhsilimizin inkşafında maraqlı deyil desək yanılmarıq.
Paytaxt baxçalarında işləyən bir çox müəllimlər üzərlərinə düşən işi lazımınca yerinə yetirməməklə bərabər, həm də bu məsuliyyətdən daim yayınmağa çalışırlar. Belə demək mümkündürsə, Prezident Adminstrasiyasının Humanitar Məsələləri üzrə Şöbəsinin müdiri xanım Fatma Abdullazadənin haqlı olaraq qeyd etdiyi kimi, bağça və uşaq evləri uşaqlar üzərində qaravolçuluq prinsipinə əsaslanmamalıdır. Orada əsl məktəbəqədər pedoqoji prosesdən irəli gələn məqsəd və vəzifələr həyata keçirilməlidir. Xüsusilə körpələrin təliminin pedoqoji qanunlar əsasında öyrədilməsi tərbiyəçilər tərəfindən lazımınca yerinə yetirilməlidir. Təbiyəçi, müəllim bilməlidir ki, təlim olmadan onun tərbiyə etdiyi körpə sabah nümunəvi məktəbli, sonrakı mərhələdə intellektual bir gənc ola bilməz. Və ya həmin uşaqda böyüyəndə rəzil əxlaqın formalaşması mümkündür ki, bu da xalqın, dövlətin mədəni inkişafına əngəldir. Uşaqlarda körpəlikdən inandırma, yetişdirmə, ərsəyə gətirmə olmasa, körpənin 1-ci sinfə gedəndə mənimsəmə, qavrama qabiliyyəti olmayacaq və ya çox aşağı səviyyədə olacaq. Çünki təlim olmadan tərbiyə, tərbiyə olmadan isə təhsilin olması mümkünsüzdür. Təlim olmadan 3-5 yaşlı uşaqlarda əxlaq tərbiyəsinin əldə edilməsi çətin olur, bəzən də mümkün olmur. Körpə davranış tələblərini təlimin əsasında başa düşə bilir. Və bunu təbii ki, savadlı tərbiyəçi müəllimlərin nəzarəti altında qavrayır. Bir sözlə, körpənin təlimi yoxdursa, tərbiyəsi və təhsili də formalaşmır. Körpə sabahkı şagirddir və onun ev tapşırığını müstəqil şəkildə icra etməsi özünütəlimdir. Prosesdən qazanılan bilik özünütəhsildir. Bu varsa, körpənin inkişafında şüur, təfəkkür, məhsuliyyət hissi, intizam, əxlaq hamısı ümumilikdə formalaşır və bu özünütərbiyə adlanır. Hər halda elm belə deyir və bu ruhda böyüyən gənc oğurluq, cinayət, intihar və s. xoşagəlməz hallardan uzaq olur. Bütün bunların əsası və bünövrəsi məktəbəqədər təhsil müəssisələrində qoyulur. Biz bu gün çağırışlar ediriksə ki, təhsili inkişaf etdirməliyik, nöqsanları orta məktəbdən əvvəl uşaq bağçaları və uşaq evlərində axtarmalıyıq. Bunu orada məktəbəqədər pedaqogika elmini bilən tərbiyəçi müəllimlərdən istəməliyik. Körpə 1-ci sinfə hazırlıqlı gəlməlidir. Əslində biz şagird üçün baza olan məktəbəqədər təhsil müəssisələrini inkişaf etdirib, diqqəti ora yönəltməliyik. Bunlar olmazsa, gələcəkdə intihar, oğurluq, cinayət hadisələrinin sayını minimuma sala bilmərik.
Görünən odur ki, Təhsil Nazirliyindən alınıb Bakı şəhər İcra Hakimiyyətinə verilən məktəbəqədər təhsil müəssisələrində köklü islahatlar aparılmalıdır. Yəni hazırkı şəraitdə köhnə müdirlər, köhnə qaydalar və s. aradan qaldırılmalıdır. BŞİH-ə həvalə edilən Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi köklü islahatlara başlayıb, mövcud vəziyyəti dəyişməlidir. Sözügedən şöbənin müdiri Eldar Yunusov kabinetində oturub, hər “ayın sonunu” gözləmədən, əməli işlə məşğul olmalıdır. Mətbuata açıq olmalı, bağça və uşaq evlərindəki durumu öyrənmək üçün işlək komisiyanın yaradılması təşəbbüsü ilə çıxış etməlidir. Bir sözlə, işləməlidir, bəlkə də, başqa şəxslə əvəzlənməlidir. Bu ayrıca bir yazının mövzusudur. Düzdür, Təhsil Nazirliyindən alınaraq Bakı şəhər İcra Hakimiyyətinə verilən məktəbəqədər təhsil müəssisələrində haradasa, inkişaf var. Amma bu, Eldar Yunusovun yox, Hacıbala Abutalıbovun tələbkarlığı nəticəsində olub. Yoxsa , vəziyyət əvvəlki kimi, acınacaqlı olaraq qalardı.
Hazırki şəraitdə uşaqlara qaravolçuluq edən müəllimlərin mütləq əksəriyyəti məktəbəqədər pedaqogikanı bilmir və onları təkmilləşdirmək üçün çalışmaq lazımdır. Bu işdə Eldar Yunusovla yola davam uyğun olmazdı. Bundan sonra təsadüfi şəxsləri belə müəssisələrə işə götürmək yolverilməz sayılmalıdır. Uşaqların fərdi xüsusiyyətlərinin məqsədyönlü şəkildə inkişaf etdirilməsi üçün hər şeyi nəzərə alıb savadlı, tərbiyəçi müəllimlər yetişdirilməlidir, bir çox bağça müdirləri əvəzlənməlidir. Yoxsa, Misir Mərdanov dövründə olduğu zaman ərzaq əvəzinə boş faktura alan müdirlərlə hazırda da işlənilirsə, körpə uşaqların hesabına yığdıqları varidatı genişləndirməyə imkanlar yaradılırsa, körpələr bağçaya 300-500 manata götürülürsə, demək, məktəbəqədər təhsilin inkişafından söhbət gedə bilməz.
Keçmişdə olduğu kimi, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pul alınacaqsa, “köhnə hamam, köhnə tas”da qalacaq. Bundan başqa, pul verməyən valideynin istedadlı uşağı bağçaya götürülməyəcəksə, bağçalarda aylıq pul verməyə valideynlər məcbur ediləcəksə, körpələrə hər gün makaron yedizdiriləcəksə, demək yanaşma dəyişməz olaraq qalacaq. Gigiyenik tələblər də qorxulu bir şəkildə təzahür edəcək. Körpələrin pastelləri valideynlərinin qoltuğuna veriləcək, özlərinə yuduzdurulacaq. Elə bu səbəbdən nə qədər gec deyil, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yuxarıda göstərdiyimiz məsələlərə ciddi yanaşıb, köklü dəyişikliklərə imza atmalıdır.
Yoxsa, üç il müddətində orta məktəb dərsliklərində bugünkü günə qədər problemləri həll edə bilməyən Mikayıl Cabbarov və komandası məktəbəqədər təhsil müəssisələrinin nazirliyə birləşdirilməsini təmin edəcəkdir. Çünki, ictimai rəydə zəmin yaradıb, aparılan müzakirələrdə müəyyən ekspert və mütəxəssislər bu “yorğan davasında” Təhsil Nazirliyinin tərəfini tuturlar.
Məsələn, təhsil sahəsi üzrə ekspert Etibar Əliyev daha həmişəkitək təhsildəki bərbad durumu dilə gətirmir, amma deyir: “Məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin nəzdinə verilməsi, istər məzmun, istər tərbiyə işinin təşkili baxımından məqsədəuyğundur. BŞİH-nin kadr potensialı yoxdur”.
Kadr və kadr potensialı- məsələ belə qoyulur, BŞİH qınanılır. Yuxarı dairələrdə tezliklə məktəbəqədər təhsil müəssisələrinin BŞİH-dən alınaraq Təhsil Nazirliyinə qaytarılması məqsəd kimi hədəflənir, dilə gətirilir. Daha məsələnin prezident sərəncamına bağlı olduğu, məqsədəuyğun deyildirsə, məktəbəqədər təhsil müəssisələrinin BŞİH-nin nəzdinə nədən verilməsi fikirləşilmir. Bu səbəbdən BŞİH Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusov tələb olunan səviyyədə işləməyə məcbur edilməlidir.
Ölkə mediası, ziyalılar, uşaqlarının baxçalardakı qayğısından şikayətçi olan analar, valideyinlər həmrəy olaraq ölkə prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və digər aidiyyatı qurumlara çoxsaylı müraciətlər edərək Eldar Yunusovun Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində qanunsuzluq yuvası yaratmasını gündəmə gətirməlidirlər. Çünki ölkəmizin, dövlətimizin gələcyi məhz məktəbəqədər uşaq evlərindən başlayır. Əgər dövlət olaraq ilk bünövrəni məktətəqədər təhsildəki rüşvətin, özbaşınalığın, qayğısızlığın qarşısını almasaq növbəti 10 ildə bir Allah bilir bu təhsil ocaqlarında yetişən körpələrdən nə qədər cinayətkar, oğru, təhsilsiz, mədəni səviyyəsi aşağı olan gənclik formalaşacaq. Bütün bunların qarşısını almağın yeganə yolu isə Eldar Yunusovun daha tələbkar, rüşvətə bulaşmayan biri ilə əvəzlənməsindən keçir. Mövzunu davam etdirəcəyik.(AzFakt.com)
MilliYol.az
Digər xəbərlər
loading...