Bu gün səhər saatlarında Şəki bazarında güclü yanğın hadisəsi baş verib və nəticədə bazarın bir hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Şəki şəhərində ümumi sahəsi 2 ha olan “Şəki Bazar” ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteyneri və 20 ədəd satış piştaxtasının yanar konstruksiyaları və içərisində olan mallar 1200 kvadrat metr sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib. İlkin məlumata görə, yanğına səbəb elektrik qısa qapanması olub. Satıcılar onlara külli miqdarda ziyan dəydiyini deyir. Əksəriyyətinin mağazasının sığortası yoxdur. Dəymiş ziyanın necə kompensasiya olacağı ilə bağlı isə onlara hələ ki, heç kim heç nə demir. Satıcılar çoxlu sayda nisyə mal verdiklərini, nisyə dəftərlərinin yandığını deyirlər.
Etibarlı mənbələrdən musavat.com-a daxil olan məlumata görə, yanğının elektrik qısa qapanmasından baş verdiyi deyilsə də, bazarda çalışanlar buna inanmır. Onlar bazarın qəsdən yandırıldığını iddia edirlər. Səbəb olaraq isə müxtəlif iddialar var. İddialardan biri odur ki, bazar Şəki şəhərinin mərkəzində yerləşdiyi üçün hansısa sahibkar həmin ərazini alıb və orada otel tikdirmək istəyir.
Bazarda çalışanlar buradan köçmədikləri üçün bu yolla bazarda çalışanları köçürmək istəyirlər. Digər iddia isə bir neçə ay əvvəl Şəkinin çöl yolu deyilən ərazisində yeni bazarın açılması ilə bağlıdır. Çöl yolunda bazar açılsa da, bazarda çalışanlar yeni bazara köçmək istəmir. Satıcılar və mağaza sahibləri yeni bazara köçməmələrinin səbəbini çöl yolu adlanan ərazinin şəhərin mərkəzindən uzaq və orada alver imkanlarının məhdud olması ilə izah edirlər.
Ona görə də, bazarda çalışanların bir qismi onların məcbur qalıb, yeni bazara köçmələri üçün bazarın qəsdən yandırıldığını iddia edirlər. İndiki bazarın ərazisinin isə otellə yanaşı, avtodayanacaq olacağı barədə də iddialar var. Xatırladaq ki, 3 il əvvəl də bu bazarda yanğın baş vermişdi.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...