Maqadanda sürgündə olarkən düşərgə və həbsxanalarda ona beşqat nəzarət olunub. O, cəza müəssisəsində məhkumlar üçün qanuni nəzərdə tutulan asudə vaxtdan, hətta gecə istirahətindən də çox vaxt məhrum edilib
Ən ağır işlərə cəlb olunan Yevgeniya Qarkuşa olmazın əziyyət və işgəncələrə məruz qalıb. Və onun bu əzablı həyatını çox-çox uzaqlardan, Moskvadan ölkənin əsas siyasi fiqurlarından biri sayılan Lavrenti Beriya qisas dolu bir zövqlə “seyr” edib. Sözsüz ki, amansızlığı ilə fərqlənən Beriya hər dəfə üzündəki sillənin istisini hiss edəndə Yevgeniyaya olan fiziki və mənəvi təzyiqlər də birə-beş artıb...
Yevgeniya Qarkuşa kim olub və nəyə görə Beriyanın qəzəbinə tuş gəlib?
Milliyətcə ukraynalı olan Yevgeniya 1915-ci ildə Nevada anadan olub. Uşaq yaşlarında olarkən ailə Kiyev şəhərinə köçüb. Atası aqronom, anası mühasib olan Yevgeniya tamam fərqli bir sənətə üz tutub. Orta təhsilini başa vurduqdan sonra o, Kiyev Dövlət Dram Teatrında fəaliyyət göstərən “Teatr studiyası”nda təhsilini davam etdirib.
Dövrünün peşəkar, təcrübəli kino və teatr xadimləri Yevgeniyanın böyük aktrisa olacağı, parlaq gələcəyi haqqında tez-tez fikirlər söyləyiblər. Bu fikirləri, ona göstərilən etimadı doğruldan Yevgeniya artıq 1939-cu ildə “Beşinci okean” filmində çəkilişlərə dəvət olunub. Elə bu filmlə də Yevgeni Qarkuşa məşhurlaşıb, tanınıb.
1941-ci ildə aktrisa Moskvada pərəstişkarlarının biri, SSRİ-nin dəniz donanması komissarı (naziri) Pyotr Şirşovla tanış olub. Az sonra bu tanışlıq qarşılıqlı sevgi münasibətlərinə çevrilib. Müharibənin həmin o ağır günlərində Şirşovun ailəsi daha təhlükəsiz olan Kuybışevdə (Samara) yaşayıb. Bu uzaqlıq Şirşovla Qarkuşanı daha da yaxınlaşdırıb. Çox keşməmiş komissarın ailəsi Moskvaya qayıtsa da, Şirşov evinə qayıtmayıb və o, Yevgeniya ilə münasibətlərini rəsmiləşdirib.
Müharibə bitdikdən sonra xoşbəxt bir ailə kimi yaşayan çütlüyün həyatına daha xoş bir gün əlavə olunub. Onların qızı dünyaya gəlib. Amma bu xoşbəxtlik çox da uzun sürməyib. Kremldə baş verən hadisə bütövlükdə ailəni böyük faciələrə aparıb.
1946-cı ildə Kremldə rəsmi qəbulların birindən sonra ziyafət zamanı Lavrenti Beriya komissar Şirşovun gözəl, gənc və populyar həyat yoldaşı Yevgeniyanı özünün istirahət evinə dəvət edib. Bu təklifdə Beriya özünə “hər şeyə qadir olan” bir şəxs kimi güvənib. Və həm də Beriya “müştəri” gözü ilə baxdığı qadınları nəyin bahasına olursa-olsun əldə etməyə adət etmiş biri kimi bu təklifi də çəkinmədən və cəsarətlə edib. Ancaq Yevgeniya sıradan olan qadınlardan biri olmayıb. Elə ziyafət zalında, ölkənin siyasi elitasının, tanınmış dövlət və siyasi xadimlərin, seçilmiş mədəniyyət və incəsənət nümayəndələrinin gözü önündə Beriyanın üzünə sillə çəkib.
Bu olduqca gözlənilməz idi. Nəinki gözlənilməz, hətta istənilən bir adam Beriyanın üzünə sillə çəkməyi heç ağlına belə gətirə bilməzdi. Amma bu hadisə baş verdi.
Təbii ki, Beriyanın silləyə reaksiyasının nələrlə nəticələnəcəyi hamıya bəlli olub. Beləliklə, Beriya qisas məsələsini “sürgünlər üzrə mütəxəssis”, cəlladlığı ilə heç də Beriyadan geri qalmayan, “NKVD” və Dövlət Təhlükəsizliyi Nazirliyinin əsas simalarından biri olmuş general-polkovnik Abakumova həvalə edib.
Abakumov Şirşovlar ailəsinə yaxın adam olub, həm də qonşuluqda yaşayıblar. Və elə adi günlərin birində o, səhər saatlarında komissar həmkarının evinə təşrif buyurub. İçəri keçən kimi telefonlarının niyə işləməməsinin səbəbini soruşub. Və bildirib ki, teatrdan Yevgeniyanı təcili axtarırlar. Yevgeniya dost münasibətində olduğu Abakumova inanıb, tez geyinərək elə Abakumovun maşını ilə getməyə qərar verib. Maşın yola düşüb, amma teatra yox, “NKVD”-yə...
Həmişə olduğu kimi ,“NKVD”də söhbət çox uzun çəkməyib. Yevgeniya casusluqda ittiham olunaraq 8 il müddətinə Maqadana sürgünə göndərilib. Həyat yoldaşı komissar Şirşov düz bir il Yevgeniyanın harada olduğunu müəyyənləşdirə bilməyib. Hətta o, Stalinin qəbul otağına qədər gedib çıxıb. Rəhbər onu qəbul etməyib. Amma bir cümlə ilə ətrafındakı məmurlara məsələ ilə bağlı münasibətini bildirib: “Şirşova deyərsiniz ki, biz ona başqa arvad taparıq...”
Yevgeniya sürgün həyatındakı dözülməz münasibətə və haqsızlıqlara tab gətirə bilməyib. O, 1948-ci ildə çətinliklə ələ keçirdiyi yuxa dərmanını dozadan artıq qəbul edərək intihar edib. 33 yaşlı aktrisanın işıqlı gələcəyi rejimin qaranlıq amansızlığına qərq olaraq birdəfəlik sönüb. O, sonuncu rolunu Stalin rejiminə etiraz əlaməti olaraq intihar edən qadın obrazında ifa edib...
Yevgeniyanın ölümündən sonra həyat yoldaşı Pyotr Şirşov qızını tək böyüdüb. Amma həyat öz acıları ilə onu da rahat buraxmayıb. Baş verən hadisələrə laqeyd qala bilməyən, xaraktercə həssas insan olan Şirşov 47 yaşında vəfat edib.
Beləliklə, Beriyanın maniakal cinsi ehtirasının qurbanlarının siyahısına bütövlükdə bir ailə də əlavə olunub.(musavat.com)
MilliYol.Az