Bu gün saat 12.00-a olan monitorinqlərin nəticəsinə əsasən Bakının Badamdar şosesi ətrafındakı sürüşmə ərazisində aktivlik dinamikası dayanmayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan yayılan məlumata görə, üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir. Bildirilir ki, sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.
Həmin istiqamətdə dəyəri milyonlarla manatla ölçülən mülklər yerləşir, artıq belə mülklərin bəzilərinin hasarları uçmağa başlayıb. Baş nazirin müavini Hacıbala Abutalıbov jurnalistlərə bildirmişdi ki, sürüşmə zonasında yerləşən evlərin heç birinin sənədləri yoxdur və onlar kompensasiya ödənilmədən söküləcək.
Lakin evi sürüşmə riski altında olan sakinlərdən biri Fərid Axundov deyir ki, həm onun, həm qonşularının ev və torpaqlarının bütün sənədləri qaydasındadır. Sakin hesab edir ki, sürüşmənin əsas səbəbi kanalizasiya sisteminin yoxluğudur.
"2013-cü ildə sürüşmə daha çox idi, o vaxt 7 quyu qazıldı. Həmin quyular 2 ildir ki, təmizlənməyib. Şambolardakı sular ildə ən azı 203 dəfə maşınlarla daşınıb. Sadəcə yeraltı qrunt sular heç bir nasos işləmədiyindən bu vəziyyətə düşüb. Bir daha deyirəm ki, burdakı heç bir ev qanunsuz deyil. Sənədsiz kim mülkə pul qoyar? Hələ ki, bizə yaxınlaşan, evlərə baxan olmayıb. Aşağıdan baxıb gedirlər. FHN-də də, İcra Hakimiyyətində də sənədlərimiz var”. (“Qafqazinfo”)
Ev sahibi daha sonra qeyd edib ki, suyun çəkilməsi üçün qazılan quyulara qoyulan nasoslara görə işıq borcu yaranıb və "Azərişıq" elektrikin verilməsini dayandırıb: "Buna görə də quyular fəaliyyətsiz qalıb".
Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Şahin Salahov isə jurnalistlərə deyib ki, hazırda Badamdardakı sürüşmə zonasında drenaj quyuları qazılır".
Onun sözlərn görə 150 metr dərinliyində 5 quyu qazılacaq: "Hazırda 3 quyunun qazılmasına başlanılıb. Quyuların qazılmasında məqsəd yeraltı suların səviyyəsini aşağı endirməkdir. Hazırda fəaliyyət göstərən quyular da var, qazılan quyular əlavədir".
Şöbə müdirinin sözlərinə görə, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür: "İnsanlar köçürülüb, yol bağlanılıb. Obyektlərin suyu, işığı kəsilib ki, yanğın, təhlükə, insan tələfatı olmasın. Digər tədbirlər isə araşdırmaların nəticələrinə uyğun olaraq həyata keçiriləcək. Evlərin sökülüb sökülməməsi ilə bağlı qərar da tədqiqatların nəticələrinə əsasən veriləcək. Hazırda evlərdə yaşayış yoxdur".(virtualaz.org)
MilliYol.Az