ABŞ prezidenti Donald Tramp avqustun sonunda amerikalı rahib Endryu Bransonun ev həbsi ilə bağlı vəziyyətlə əlaqədar bütün diplomatik personalı Türkiyədən geri çağırmağı planlaşdırırdı
Bu barədə “ABC News” telekanalı məlumat yayıb.
“Biz hansısa bir vaxtda Türkiyə ilə münasibətlərdə apokalipsisdən qorxurduq”, - Dövlət Departamentindəki yüksək vəzifəli mənbə bildirib.
Daha bir yüksəkvəzifəli məmur bildirib ki, prezident ABŞ səfirliyini və bütün NATO-nun diplomatik missiyalarını 60 gün ərzində bağlamağı planlaşdırırdı. Tramp əvvəlcə yüksək rütbəli diplomatları, sonra isə diplomatik nümayəndəliklərin bütün heyətlərini geri çağırmağı planlaşdırırdı.
Administrasiyadakı iki mənbənin sözlərinə görə, Dövlət katibi Mayk Pompeo bu plana ən böyük müqavimət göstərən şəxs olub. Pompeo prezidentin diqqətinə çatdırıb ki, bu addımlar NATO üzrə ABŞ-ın əsas müttəfiqi ilə münasibətlərinə düzəldilməsi mümkün olmayan zərər vura bilər.
Telekanal bildirib ki, Dövlət Departamenti belə bir planın mövcudluğunu inkar edib, Ağ Ev isə informasiyanı şərh etməyib. Telekanalın məlumatına görə, plana həmçinin türk biznesmenləri və məmurlarına qarşı sanksiyaların genişləndirilməsi daxil idi. Xəbərə görə, Branson oktyabrın 12-də buraxılmasaydı, bu plana çox ciddi baxılırdı.
Xatırladaq ki, oktyabrın 12-də İzmir məhkəməsi Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib. İstintaq prosesində həbsdə qaldığı müddət nəzərə alınaraq rahib azadlığa buraxılıb. O, casusluqda, FETÖ və PKK terror təşkilatları ilə əlaqələrdə ittiham edilirdi.(Publika.az)
MilliYol.Az