Ermənistanın ikinci prezidenti, 2008-ci ilin mart hadisələrilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək
O, Ermənistanın baş nazir postunu da tutmaq niyyətində deyil.
Bu barədə Koçaryan “Bloomberg”ə müsahibəsində açıqlama verib. “Mən ölkənin baş naziri olmaq üçün indi münasib imkan görmürəm və bunu düzgün hesab etmirəm. Gələcəkdə isə vəziyyətin necə inkişaf edəcəyinə baxacam. Çünki hədəflərə çatmaq üçün baş nazir postuna gəlmək son nəticə olmamalıdır."
Sabiq prezidentin sözlərinə görə, əgər yeni hökumət ölkəni “parlaq” şəkildə idarə etsə və iqtisadiyyat ikirəqəmli göstəricilərlə inkişaf etsə vəziyyət normal olacaq.
“Lakin əgər biz bütün bu cinahlar üzrə pisləşməyə şahidlik etsək, onda bu, tamam başqa vəziyyət olacaq. Və hətta bu cür olsa belə, baş nazir postunu uğurla tuturaq ölkəni irəli aparacaq gənc və perspektivli siyasətçilər ortaya çıxacaq. Bu gün mən öz rolumu sadəcə mövcud problemlərin dilə gətirilməsində görürəm.”
Sabiq prezident onu da vurğulayıb ki, Ermənistanda davam edən siyasi gərginlik və əvvəlki bəyanatların təkrarlanması Dağlıq Qarabağ münaqişəsinə də təsir edə bilər: “Məni ilk növbədə narahat edən, əlbəttə ki, təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələ və müharibənin bərpası ehtimalıdır. Unutmayaq ki, münaqişə ətrafındakı hazırkı vəziyyət sadəcə dondurulub və sərhədlərimizdə hələ də sakitlik yoxdur.”
MilliYol.Az