Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” maarifləndirici layihəsinə start verib
Layihə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir.
Agentlikdən virtualaz.org-a verilən məlumata görə, layihə çərçivəsində oktyabırın 12-si Nəsimi rayonunda yerləşən 8 Saylı Orta Məktəktəbin şagirdləri ilə görüş keçirilib. Tədbirdə ilk olaraq məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, “Qida zənciri”ni əks etdirən videoçarx təqdim olunub. Daha sonra agentlik əməkdaşları tərəfindən təqdim olunan “16 oktyabr – Ümumdünya Qida Günü” ilə əlaqədar təqdimatlar və “Mən qidayam” adlı videoçarx şagirdlərə nümaiş etdirilib. Məktəblilərlə görüş çərçivəsində “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Fast Food qidaların ziyanları” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb. Sonda agentliyin mütəxəssisləri tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.
Layihənin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.
Qeyd edək ki, cari ilin sonunadək layihənin Bakı şəhərində fəaliyyət göstərən 9 ümumtəhsil müəssisəsində həyata keçirilməsi nəzərdə tutulub.
MilliYol.Az