Uzun müddətdir “Zaman-Azərbaycan” qəzeti ilə Axar.az arasında davam edən məhkəmə çəkişməsi ilə bağlı yeni məlumat var
Yenicag.az xəbər verir ki, bununla bağlı Aznews.az saytına Axar.az saytının baş redaktoru Anar Niftəliyev açıqlama verib. O bildirib ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Nərimanov rayon şöbəsinin əməkdaşları saytdan 105 manat simvolik rəqəm təzmin ödəməyi tələb edirlər.
2014-cü ilin mart ayından başlanan proses Ali Məhkəmənin saytın xeyrinə qərar çxıarması ilə nəticələnib. Onun dediyinə görə, sayt rəhbərliyi prosesin burada sonlandığını düşünüb. Ancaq aradan keçən müddətdə qarşı tərəfin səyləri nəticəsində qərar dəyişdirilib, saytdan 105 manat məbləğində təzminat və üzr istəməyə dair qərar çıxarılıb:
“Zaman-Azərbaycan” qəzeti Axar.az saytını 11 mart 2014-cü ildə dərc edilən “Nurçular bu il Azərbaycanda 4 milyon pul paylayıb” məqaləsinə görə məhkəməyə vermişdi. Sözügedən məqalə redaksiyanın ünvanına daxil olan məktub əsasında hazırlanmış, məqalədə məktubun və sənədlərin surəti dərc edilmişdi. Həmin məktubda adı çəkilən Gülən şəbəkəsinə bağlı olduğu bildirilən “Zaman-Azərbaycan” qəzeti çap, mətbəə və yayım xərcləri üçün Gülən şəbəkəsindən 413 min dollar aldığını təkzib edən rəsmi məktubu da guya ünvanımıza göndərdiyini iddia edir.
Beləliklə, Nərimanov Məhkəməsində Axar.az saytının iddia barədə heç bir məlumatı olmadan proses keçirilmiş və 4 may 2015-ci ildə “Zaman-Azərbaycan”ın iddiasını təmin edən qiyabi qətnamə çıxarılmışdı. Maraqlıdır ki, cavabdeh olaraq bizi “tapa bilməyənlər” nədənsə qərar verdikdən sonra qətnaməni dəqiq ünvana göndərə bilirlər. Sözügedən qiyabi qətnamə də beləcə redaksiyaya daxil olandan sonra şikayət verildi və Nərimanov Məhkəməsinin 22 iyul 2015-ci il tarixli qərarı ilə qiyabi qətnamə ləğv edildi. Bundan sonra isə “əyani” proses başladı və redaksiyanı tanınmış hüquqşünas Səməd Vəkilov təmsil etdi. Nərimanov rayon Məhkəməsində keçirilən prosesin nəticəsi olaraq, 15 yanvar 2016-cı il tarixli qətnamədə “Zaman-Azərbaycan”ın iddiası rədd edildi. “Zaman-Azərbaycan”ın iddiası əsasında baş tutan Apelyasiya Məhkəməsində də 21 aprel 2016-cı il tarixdə qətnamə çıxarıldı və iddia yenidən rədd edildi. Bunun ardınca isə 15 iyul 2016-cı il qiyamı baş verdi və “Zaman-Azərbaycan” qəzeti və saytı Azərbaycanda fəaliyyətini rəsmi açıqlama yayaraq dayandırdı, rəhbərliyi isə ölkədən getdi. Proses də bununla yekunlaşdı.
Ancaq sən demə, gülənçi olduqları artıq heç kimdə şübhə doğurmayan bu şəbəkə fəaliyyətini davam etdirirmiş. Beləliklə, cavabdeh tərəfə – yəni Axar.az saytının rəhbərliyinə heç bir məlumat vermədən və bizim təmsilçiliyimiz olmadan Ali Məhkəmə Apelyasiya Məhkəməsinin 21 aprel 2016-cı il qərarını 07 dekabr 2016-cı ildə ləğv edərək, işin yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə göndərib. Apelyasiya Məhkəməsində isə proses hakim Azad İmanovun sədrliyi ilə aparılıb. “Gündəlik Teleqraf” MMC rəhbərinin ünvanına göndərilən və “buradan köçüb” cavabını alan məhkəmə prosesə yenə də Axar.azsaytının təmsilçisinin iştirakı olmadan baxıb və “Zaman-Azərbaycan”ın iddiasını təmin edib. Axar.az saytı “Zaman-Azərbaycan”ın işgüzar nüfuzuna zərbə vurduğuna və imicini ləkələdiyinə görə 2100 manat civarında cərimələnib. İndi bu məbləğ 105 manata endirilib”.
Baş redaktor deyir ki, bu rəqəmin seçilməsi də təsadüfi deyil: “Qarşı tərəf düşünür ki, biz 105 manatı ödəməklə bu işi bağlayacayıq. Məqsədləri də budur ki, bizə həm təzminat ödətsinlər, həm də biz onlardan üzr istəyək. Elə məbləğ seçilib ki, bu vəkil və məhkəmə xərclərinin yanında olduqca çox cüzi rəqəmdir”.
A.Niftiyev bildirib ki, vəkil Səməd Vəkilovun qətnamə ilə bağlı məhkəməyə etdiyi müraciətlər cavabsız qalıb. O, növbəti müraciətin hazırlandığını deyib.
MilliYol.Az