İstehsalatın digər sahələri ilə müqayisədə tikinti sektorunda bədbəxt hadisələr və ölüm halları daha çox olur. Tikinti sektorunda hündürlükdən yıxılma halları hələ də mövcuddur.
Son dövrlər bu sahədə az qala hər gün ölüm və yaralanma halları qeydə alınır. Bu gün də istisna olmayıb və 33 yaşlı Elçin Məmmədov tikinti işləri aparılan zaman binadan yıxılaraq ölüb.
Əməyin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar respublikanın bütün ərazisində əmək fəaliyyəti prosesində əməyin mühafizəsi, həyatın və sağlamlığın qorunması hüququna malikdirlər. Belə olan təqdirdə tikinti sektorunda bədbəxt hadisələr niyə baş verir?
Artıq mütmadi hal almağa başlamış qəzalarla bağlı qaynarinfo.az-ın əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ilə əlaqə saxlayıb. Xidmətin sektor müdiri İlqar Məmmədov bildirib ki, DƏMX yalnız istehsalatda baş vermiş bədbəxt hadisələrin tədqiqatını həyata keçirir:
“Nazirlər Kabinetinin müfaviq qərarı ilə uyğun olaraq tədqiqat aparılır və yalnız hadisə baş verdikdən sonra bizim əməkdaşlar ora ezam olunurlar, tədqiqatlara başlanılır. Tədqiqat zamanı hadisənin başvermə səbəbləri, əməyin mühafizəsində texniki qaydaların pozulması müəyyən olunduqdan sonra müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına sənədlər göndərilir. DƏMX tərəfindən müvafiq tapşırıqlar və göstərişlər verilir ki, bədbəxt hadisə bir daha təkrarlanmasın.
Düzdü, son vaxtlar istehsalatda bədbəxt hadisələrin sayında artım müşahidə olunur. Statistikaya nəzər salsaq görərik ki, bu ildə bədbəxt hadisələrin sayı ötən ilə nisbətdə artıb. Biz çalışırıq ki, bu hadisələrin qarşısını alaq. Maariflənidirici işlər aparılır, məsləhətlər və tövsiyyələr verilir. Lakin yenə də işə götürən şirkətlər təhlükəsizlik qaydalarına əməl etmirlər. Bu səbəbdən də bu cür hadisələr baş verir. Bəzi hallarda işçilər müxtəlif bəhanələrlə təhlükəsizliyi təmin edən vasitələrdən istifadə etmək istəmirlər. Bunun qarşısını almaq üçün biz işçilərlə seminarlar təşkil edirik".
Sual yaranır ki, hadisə baş verməmişdən öncə hansı işlər görülür? Mütəmadi olaraq, istehsalatda əməyin mühafizəsi ilə bağlı monitorinq aparılırmı?
Yaranan sualları parlamentin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Araz Əlizadəyə ünvanladıq. Deputat bildirdi ki, DƏMX təkcə hadisə baş verəndən sonra deyil, hadisədən öncə də araşdırma aparmalıdır:
“Təhlükəsizlikdən imtahan verməyən işçi işə buraxılmamalıdır. Burada maarifləndirmə aparılmamalıdır, əmək təhlükəsizliyindən imtahan verilməlidir. DƏMX vaxtlı-vaxtında yoxlama aparmalıdır ki, qanun pozuntularını tez aşkarlasın. DƏMX kranlardan tutmuş işlədilən alətlərə qədər yoxlama aparmalıdır. Bu qayda Sovet dönəmindən belədir. Bədbəxt hadisənin çoxalmasının səbəbi budur ki, işçilər təhlükəsizlik qaydarını bilmir və əməl etmir, DƏMX öz vəsifəsini yerinə yetirmir, imtahansız insanları işə buraxır. Nəticədə acınacaqlı olur.”
MilliYol.Az
Digər xəbərlər
loading...