Bu gün "Beynəlxalq Bank"ın sabiq rəhbəri Cahangir Hacıyev və onunla birgə ittiham olunan 7 nəfərin cinayət işi üzrə məhkəmə davam etdirilir.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prosesdə təqsirləndirilən "İnter Security" mühafizə şirkətinin rəhbəri son söz deyib. O bildirib ki, ona verilən ittihamlar əsasızdır: "Heç bir mütəşəkkil cinayətkar dəstənin üzvü olmamışam. Beynəlxalq Bankın idarəetməsində iştirak etməmişəm. Yalnız bankla müqavilə əsasında mühafizəni təşkil eləmişəm. Bankın obyektlərini qorumuşam. Bütün materialları, avandanlıqların gətirilib-aparılmasına nəzarət eləmişəm. Bununla bağlı Beynəlxalq Bankın İdarə Heyətində təmsil olunan Emil Mustafayevə və Akif Əliyevə hesabat vermişəm və məruzə eləmişəm. İşçilərimin adına götürülən kreditlər lahiyələrə xərclənib. Onların adına olan kreditlərdəki məbləğlər tam ödənilib. Yalnız faiz borcları qalıb. Bizim mənimsəmə fikrimiz olsaydı, bu kreditlərin heç birini ödəməzdik. Məhkəmə istintaqında da, ibtidai istintaqda da mənə verilən ittihamların heç biri sübuta yetirilmədi. Buna görə məhkəmədən barəmdə bəraət hökmünün çıxarılmasını istəyirəm".
Prosesdə Cahangir Hacıyev son sözlə çıxış edib. O bildirib ki, 1 il 5 aydır bu iş davam edir: "2015-ci ilin aprel ayında bir zənglə istintaqa çağırılmışam. Xaricdəydim, buna görə qayıtdım. Əgər nəsə mənimsəmədə iştirakım, hər hansı bir cinayətim olsaydı, elə orada da qalardım. Mayın 2-də barəmdə cinayət işi açıldı. Uzun müddət istintaqla əməkdaşlıq elədim. Orda olan müstəntiqlərə bank əsaslarını, kreditlərin hara yönəldiyini öyrədirdim. Dekabr ayında barəmdə həbs qərarı çıxarıldı”.
Cahangir Hacıyev qeyd edib ki, xarici ölkələrlə iqtisadi əlaqələrin qurulmasında böyük rol oynayıb: "Məsələn, Rusiyanın böyük şirkəti “Qazprom”la böyük məbləğli saziş imzaladım. 2 min kubmetrlik qaz sazişiydi. Sonradan Maliyyə Nazirliyinin səyi nəticəsində bu iş pozuldu. Müqavilə ləğv olundu. 500-600 milyon ziyana getdik. Albaniya olan zavodlar da Beynəlxalq Bankın sərmayələri idi. Maliyyə Nazirliyi bu işə də pozdu. Buna görə 300-350 milyon dollar ziyana getdik. Ümumiyyətlə, mənim gördüyüm işlər göz qabağındadır. Mən buna görə fərəh hissi keçirirəm. Bu cinayət işi başlayandan sonra minlərlə adamın ölkədən çıxışına stop qoyulub. Nədi-nədi, 500 dollar kreditləri var. Yaratdığımız iş yerləri bağlandı. Minlələrlə adam çörəksiz qaldı. Bacımın bu işlə nə əlaqəsi var ki, onun ölkədən çıxışına qadağa qoyublar. Anam öldü, vəsiyyət məsələsi vardı. Asan Xidmətdə heç bir sənədi qəbul etmirlər. Londona həyat yoldaşımın arxasınca əməliyyat qrupu göndərdilər. İttihamı Londan İnterpolu qəbul eləmədi. Çünki əsassız idi”.
Cahangir Hacıyev çıxışını davam etdirib: "Burda mənimlə ittiham olunan elə şəxslər var ki, onları 1 və ya 2 dəfə görmüşəm. Məsələn, Yusif Ələkbərov başqa cinayətə görə həbsdədir. Mən onunla necə mütəşəkkil dəstə qura bilərdim? Mənim dövrümdə heç zaman bankın dövlətin bir qəpiyinə ehtiyacı olmayıb. Mənim işçilərim lazım olanda 1 saata 100 milyon kredit tapa bilirdi. Çünki peşəkardılar, işi bilirdilər”.
Cahangir Hacıyev çıxışında ailə üzvlərinə təminatsız kartlar verilməsi məsələsinə də toxunub: "Deyilir ki, bu kartlarla ödənişlər təyyarə biletlərinə, gözəllik sonlarına xərclənib. Həmin məbləğlərlə gərək günün 24 saatını təyyarə ilə uçasan. Ailəmin xərclədiyi pulların hamısı tərəfimdən ödənilib. Mənə qarşı haqsızlıqların səbabkarı birbaşa Samir Şərifovdur. Məhz onun istəyi ilə cinayət işi açılıb və mən həbs olunmuşam”.
C.Hacıyev prokurorun ona 17 il iş istəməsinə də münasibət bildirib: "Ortada heç bir sübut yoxdur. Prokuror çıxışında 17 il iş istədi, 117 il də verəsələr, vecimə deyil. Amma yanımdakı günahsız şəxslərə 11-12 il iş istəyirlər. Guya ki, mənim milyonlarla pulum, villalarım, təyyarələrim var. Hanı təyyarələr, villalar? Guya mən Lordlar qalan yerdə qalıram. Hanı bəs?”.
Sonda Cahangir Hacıyev bəraət hökmünün çıxarılmasını istəyib: "Mən xahiş etmirəm, təklif edirəm ki, ədalətli qərar çıxarılsın. Cinayət işi istintaqa qaytarılsın, bu işi aparan müstəntiq və prokurorlar barəsində xüsusi qərardad verilsin. Ümumiyyətlə, mənimsəmədə əli olan şəxslər həbs edilsin. Bizə isə bəraət hökmü verilsin”.
Hakimlər kollegiyası hökm qəbul etmək üçün qeyri-müəyyən günə qədər müşavirəyə gedib.
MilliYol.Az
Digər xəbərlər
loading...