Rusiyaya aid “Soyuz-FQ” daşıyıcı raketi startdan 119 saniyə sonra qəzaya uğrayıb
Qazaxıstandakı “Baykonur” stansiyasından havalanan raketin daşıdığı “Soyuz MS-10″ kosmik gəmisində bir rusiyalı kosmonavt və bir amerikalı astronavt olub. Hava gəmisi Aleksey Ovçinini və Nik Heyqi kosmik stansiyaya çatdırmalı idi. Lakin ilkin məlumatlara görə, raketə aid blokların lazımi qaydada bərkidilməməsi səbəbindən qəza baş verib.
“Roskosmos”un rəhbəri Dmitri Roqozin hadisədən sonra yayımladığı “tvitində” amerikalı astronavt və rusiyalı kosmonavtın sağ olduğunu bildirib. Məlum olub ki, ekipaj “Baykonur”dan bir qədər uzaqda, Qazaxıstanın Jezkazqan şəhərindən 25-30 kilometr aralıda eniş edib. İlkin məlumata görə, ekipaj üzvləri hər hansı xəsarət almayıblar və onların tibbi yardıma ehtiyacları yoxdur.
Qəzanın səbəblərinə gəlincə, D.Roqozin deyib ki, raketin kənar blokları düzgün birləşdirilmədiyindən, onlar raketdən ayrılarkən, mərkəzi bloku zədələyiblər. Bu zaman qəza təhlükəsizlik sistemi işə düşərək, paraşütlər açılıb. Nəticədə uçuş yarımçıq kəsilərək, ekipaj üzvləri yerə qayıdıblar.
O da qeyd olunur ki, sözügedən raket “Soqlasiye” sığorta şirkətində 4.65 milyard rubla sığorta olunmuşdu.
MilliYol.Az