Qarabağ mitinqinə dəstək verən deputatı peşman ediblər…
“Mən bilmədim, sadəcə, məlumatsız olduğuma görə elə bir söz dedim və fikrim təhrif olundu”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Qarabağ Komitəsinin noyabrın 24-nə növbəti mitinq elan etməsinə münasibət bildirən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov deyib.
Xatırladaq ki, E.İbrahimov sentyabrın 29-da keçirilmiş Qarabağ mitinqinə gözlənilmədən açıq dəstək nümayiş etdirmişdi.
Növbəti Qarabağ mitinqinin təyin olunması haqda danışmaq istəməyən Eldar İbrahimov sentyabrın 29-da keçirilmiş analoji aksiya haqqında fikirlərinin təhrif olunmasından gileylənib: “Mən bildirmişdim ki, Qarabağ məsələsi mitinqlərlə həll olunmur. Ondan sonra yenə müsahibə verdim və bildirdim ki, cənab prezident hər gün bu işlə məşğuldur. Bu iş dövlət başçıları səviyyəsində həll edilir. Ona görə də mən bu bu barədə müsahibə vermirəm, ehtiyac yoxdur.
Keçən dəfə mən bilmirdim, dedilər ki, icazə veriblər, filandır… Guya başqa şey olacaq. Mən bilmədim, sadəcə, məlumatsız olduğuma görə elə bir söz dedim və fikrim təhrif olundu.
Mən deməmişdim ki, lazımdır, camaat, yığışın gedin… Mən belə ifadələr işlətməmişəm. O, jurnalistin özünün mənim fikirlərimi təhrif eləməyindəndir…
Qısaca olaraq demişdim ki, icazə veriblər, gedib keçirsinlər, amma Qarabağın adına layiq mitinq olsun. Bu sözü demişdim, başqa heç nə. Buna görə həmin jurnalist tənbeh olundu, həmin şey də saytdan çıxarıldı. Çünki mən elə fikir bildirməmişdim”.
MilliYol.Az