Vahid Əhmədov: “Referendumun da ilkin nəticələrinə istər ABŞ, istərsə də Qərb dövlətləri elə bir irad bildirmədilər”
Nəsimi Məmmədli: “Hakimiyyətin köklü islahatlara gedəcəyini zənn etmirəm. Müəyyən kosmetik dəyişikliklər etməklə vaxt udmaq və cəmiyyəti çətinliklərlə yaşamağa öyrətmək cəhdi daha qabarıq görünür”
Sentyabrın 26-da keçirilən referendumun nəticələrinin rəsmi olaraq təsdiqlənməsindən sonra Azərbaycanda köklü siyasi-iqtisadi islahatlar keçiriləcəyi gözlənilir. Bu barədə hakimiyyətin üst səviyyədə məmurları bəyanatlar veriblər. Bu bəyanatlardan sonra Azərbaycan hökümətinin Qərblə ölkədə inqilabi səviyyədə siyasi-iqtisadi islahatların həyata keçirilməsi üçün razılığa gəlməsi və həyata keçiriləcək islahatlar zamanı Azərbaycanın siyasi hakimiyyəti Qərbdən tam dəstək ala biləcəyi ilə bağlı məlumatlar da yayılıb.
Mövzu ilə bağlı pia.az-ın əməkdaşı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədovun və politoloq Nəsimi Məmmədlinin fikirlərini öyrənib.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib ki, yaxın zamanlarda Azərbaycanda ciddi iqtisadi, siyasi islatların keçirilməsini gözləyir:
“Bildiyimiz kimi sentyabrın 26-da Azərbaycanda referendum keçirildi. Ölkəmizdə vitse-prezidentlı yeni idarəetmətətbiq ediləcək və bütün bunlar da gözlənilən idi. Referendumun da ilkin nəticələri elan olundu. İlkin nəticələrə də istər ABŞ, istərsə də Qərb dövlətləri elə bir irad bildirmədilər. Yəni Azərbaycanda yüksək səviyyədə referendum keçirildi. Referendumun keçirilməsindən sonra Azərbaycanda ciddi iqtisadi, siyasi islatların keçirilməsini gözləyirik.
Yəqin ki, cənab prezident referendumun nəticələri tam olaraq elan ediləndən sonra öz qərarını verəcək. Azərbaycanda həm struktur, həm funksional dəyişikliklər olmalıdır. Yəni ciddi dəyişikliklərin olmasın bizdə gözləyirik və indiki zamanda buna çox böyük ehtiyac var”.
Azərbaycan hökümətinin köklü siyasi-iqtisadi islahatlara getməyəcəyini hesab edən politoloq Nəsimi Məmmədliyə görə, hökümət daha çox xalqı çətinliyə öyrətmək üçün müəyyən addımlar atır:
“Müşahidələr göstərir ki, ölkədə sosial-siyasi durum daha da pisləşməyə doğru gedir. Elə bu ilin dövlət büdcəsinin səthi təhlilindən də məlum olur ki, bir neçə il öncə ilə müqayisədə 10 milyard dollarlıq bir kiçilmə baş verib. Görünən budur ki, bu hələ son deyil və böhranı bu siyasi konyuktura ilə durdurmaq mümkün olmayacaq. Bizim kimi ölkələrin böhrandan çıxması istiqamətində daxili və xarici resurslarını inzibati metodlarla səfərbər etməsi cəhdi ən uğursuz yanaşmadır. Odur ki, sivil dünyanın dəstəyinə gətirib çıxaran iqtisadi, siyasi və hüquqi islahatlar qaçılmazdır. Bunu etmədən ölkəni kütləvi işsizlikdən, yoxsulluqdan, xaosdan xilas etmək çətin olacaq.
Təəssüf ki, hökumətin davranışları mövcud duruma qətiyyən adekvat deyil və onlardan hər hansı rasional addımlar da gözləmirəm. İslahatlar üçün tələb olunan ən əsas şərt siyasi iradədir. Digər məsələlərin sıralanması isə sonrakı mərhələdir. Siyasi iradənin asanlıqla köklü islahatlara gedəcəyini də güman etmirəm. Xüsusilə də xalqımız haqqında formalaşmış “dözümlü xalq” tezisi hökumət üzvlərini xeyli dərəcədə arxayınlaşdırıb. Onlarda belə bir təsəvvür var ki, cəmiyyətin müxalif kəsimini ciddi polis nəzarətində saxlamaqla, “dözümlü xalqı” tədricən çətinliklərə uyğunlaşdırmaq mümkün olacaq. Məncə bu, düşündükləri kimi asan olmayacaq.
Qərbin dəstəyinə gəldikdə isə, onsuz da onlar həmişə hökuməti köklü iqtisadi-siyasi islahatlara çağırır. Belə bir siyasətə hərtərəfli dəstək verməyə hazır olduqlarını dəfələrlə bəyan ediblər. Şəxsən mən hakimiyyətin köklü islahatlara gedəcəyini zənn etmirəm. Müəyyən kosmetik dəyişikliklər etməklə vaxt udmaq və cəmiyyəti çətinliklərlə yaşamağa öyrətmək cəhdi daha qabarıq görünür. Amma, istənilən halda ölkəmiz indiyə kimi yaşamadığı yeni bir siyasi dövrə qədəm qoyub. Bu, mütləq özü ilə bərabər yeniliklər gətirəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...