İki illik həbs cəzasının il yarımdan çoxunu çəkmiş bloqçu Mehman Hüseynovun şərti azadlığa buraxılması məsələsini indi də Bakı Apellyasiya Məhkəməsi araşdırır
Oktyabrın 10-da onun şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
Qaradağ Rayon Məhkəməsi M.Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə ərizəsini rədd edib. Məhkəmə Mehmanın saxlandığı 14 Saylı Cəzaçəkmə Müəssisəsindən onun haqqında mənfi rəy verilməsini əsas götürüb.
Qaradağ Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.
Bloqçunun vəkili Şəhla Hümbətova oktyabrın 10-da məhkəmədə vəsatət qaldırıb ki, M.Hüseynov haqqında rəy vermiş Təbriz Əzizov çağrılıb dindirilsin: «O, müəssisədə Mehmanın olduğu dəstəyə rəhbərlik edir. Gəlsin, həm öz mülahizəsini əsaslandırsın, həm də bizim ona suallarımız var. Birinci instansiya məhkəməsində də müəssisə başqa bir adamı nümayəndə kimi göndərmişdi. Həmin şəxs bizim suallarımıza cavab verə bilmədi».
M.Hüseynov da vəkilinin vəsatətini müdafiə edib.
14 Saylı Cəzaçəkmə Müəssisəsi məhkəməyə bu dəfə Elgiz Murquzov adlı əməkdaşı nümayəndə qismində göndərmişdi. Prokuror vəsatətə etiraz edib. Deyib ki, növbəti iclaslarda bu nümayəndə suallara cavab verə bilməsə, o zaman T.Əzizovun çağrılıb dindirilməsi məsələsinə baxa bilər.
Elşad Şamayevin sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını elan edib: «Müəssisənin nümayəndəsi iştirak edir. Biz özümüz də Mehman Hüseynovun şəxsi işini tələb edib araşdıracağıq».
Məhkəmə baxışı oktyabrın 17-nə təyin olunub.
(Azadlıq radiosu)
MilliYol.Az