Ötən gün oktyabrın 9-da Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş iclasında prezident İlham Əliyev daha bir ağrılı məsələ-qaçqın və məcburi köçkünlər üçün tikilən mənzillərin bölüşdürülməsində korrupsiya və fırıldaq halları barədə danışıb
Virtualaz.org prezidentin çıxışının stenoqramına istinadən xəbər verir ki, İlham Əliyev köçkünlərin vəziyyətindən istifadə edib gəlir əldə edənlərin “vicdanının, imanının olmadığını” bildirib.
Prezident nitqində qeyd edib ki, Azərbaycanda sosial sahədə ciddi islahatlar aparılır. Əmək və Əhalinin Sosial Müdafiəs Nazirliyinin yeni rəhbərliyinə çox ciddi tapşırıqlar verilib, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbir görülməsi tapşırılıb. İlham Əliyevin sözlərinə görə, bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır.
“İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin. Mənə görülən işlərlə bağlı müntəzəm olaraq məlumat verilir. Sosial sahədə biz “ASAN xidmət”in analoqunu yaradırıq - Dayanıqlı və Operativ Sosial Təminat mərkəzləri, bunun adı da yaxşıdır - DOST mərkəzləri, mənası da yaxşıdır. Hesab edirəm ki, bu sahədə vətəndaşlar yaxın gələcəkdə müsbət dəyişiklikləri görəcəklər, artıq görürlər. İndi yerlərdən məlumat gəlir, ancaq biz hələ islahatların birinci mərhələsindəyik”-İlham Əliyev çıxışında deyib.
Prezident əlavə edib ki, bu islahatlarla bərabər şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi daha da sürətlə gedəcək. Artıq Prezidentin ehtiyat fondundan bu məqsədlə 20 milyon manat ayrılıb.
“Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Deyə bilərəm ki, artıq 100-dən çox şəhərcik salınıb. Bu il əlamətdar hadisə baş verib, ilk dəfə olaraq özəl sektor məcburi köçkünlər üçün böyük şəhərcik salıb, Qobu qəsəbəsində mindən çox mənzil özəl sektor tərəfindən inşa edilib və köçkünlərə təqdim olunub. Mən bunu çox alqışlayıram. Hesab edirəm ki, bu proses Azərbaycanda vüsət almalıdır. Bizim iri şirkətlərimiz, böyük maliyyə imkanlarına malik olan şirkətlər var. Onlar gərək sosial məsuliyyətlərini göstərsinlər”-İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, qaçqın və köçkünlərə, şəhid ailələrinə yeni evlərin tikintisinin davam etdirilməsi ilə yanaşı bu sahədə şəffaflığı təmin etmək, ciddi islahatlar da aparmaq lazımdır.
Sitat: “Çünki əfsuslar olsun ki, bu gün belə deyil. Bəzi hallarda köçkün olmayan vətəndaş gedib yalandan öz adını yazdırır, sonra dövlətdən mənzil alır. Belə hallar var və köçkünlər xoşagəlməz hallarla üzləşirlər. Növbə ilə bağlı məsələlər var. Yəni, ədalətsizliklər aradan qaldırılmalıdır və pozuntulara yol açan boşluqlar da bağlanmalıdır. Növbədə dayanan, ən ağır vəziyyətdə yaşayan vətəndaş, ilk növbədə, mənzil almalıdır, belə göstəriş verilib. Mənzil ancaq köçkünə verilməlidir. Bəzi hallarda məlumat gəlir ki, köçkünlər üçün tikilmiş evlərdə başqa vətəndaşlar yaşayır. Bəzi hallarda biləndə ki, misal üçün, ev söküləcək, yeni evə köçürüləcəklər, yerli icra orqanları, digər qurumlar gedib oraya pul müqabilində köçkün olmayan adamların adlarını yazdırırlar. Bu, ən böyük vicdansızlıqdır. Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur. Ona görə, bunlara qarşı çox ciddi mübarizə aparılır və aparılacaq, onlar eşitsinlər. Burada çox ciddi şəffaflıq və uçot təmin edilməlidir və ediləcək”.
MilliYol.Az